"[…] Orada elə insanlar var idi ki... Gözlərinin qarşısında üç uşağı qətlə yetirilmiş qadın tanıyıram. Orada elə şeylər baş verirdi ki, heç təsvir ediləsi deyil…
Biz irəli çıxdıq ki, canlı qalxan yaradaq və ermənilərin keçməsinə imkan verməyək. Ağdama çatanda isə arvadımı tapa bilmədim. Mənə dedilər ki, o, Xocalıda qalıb. Mən də geri qayıtdım. Piyada 3-4 kilometr yol getdim.
Onu və daha bir neçə nəfəri tapdım və biz Ağdama geri qayıtdıq. Haradasa 500 metr qalmışdı və burada biz erməniləri gördük. Tərslikdən güllələrimiz də bitmişdi. Arvadım erməni gülləsinə tuş gəldi. Yanımızdakılar qaçmağa başladılar, mənə də dedilər ki, onlarla birlikdə gəlim, amma mən gedə bilməzdim. Mən onu orada qoyub gedə bilməzdim. Ölmək istəyirdim...
Məni əsir götürəcəklərini başa düşəndə silahımı sındırdım ki, düşmənlərin əlinə keçməsin. Bir neçə dəfə ermənilər mənim öldüyümü düşünüblər. Biz o qədər əldən düşmüşdük ki, tərpənə bilmirdik. Hətta bir dəfə bizi huşsuz halda bir-birimizin üstünə qoyublar, fikirləşiblər ki, artıq ölmüşük.
Onlar necəsə öyrənmişdilər ki, mən gitaraçıyam və "Qarabağ şikəstəsi"ni çala bilirəm. Onlar barmaqlarımı sındırmağa başladılar, dırnaqlarımı çıxardılar, sonra isə əllərimi yandırmağa başladılar. Onlar deyirdilər: "Hətta sağ qalsan belə, artıq heç vaxt çala bilməyəcəksən". Ağrı dözülməz idi...
Mən elə hey Allaha şükür edirdim, yanımda oturan oğlan isə soruşurdu: "Nə üçün Allaha şükür edirsən?"- "Anam və bacım burada olmadığına görə", - deyə cavab verdim.
Mənimlə əsirlikdə bir neçə nəfər də var idi, bizi tez-tez döyürdülər. Orada bir qoca kişi var idi, Məmməd. O, yaman haldan düşmüşdü və elə hey su istəyirdi. Erməni gələndə ona dedim ki, qocaya su versin. O, məni möhkəm vurdu və dedi: "Yaxşı, biz ona su verəcəyik, amma əvəzində səni əzişdirəcəyik". Mən razılaşdım, məni çölə çıxardılar və dəyənəklə döyməyə başladılar. Amma qocaya su verdilər. Sonra Məmməd öldü.
Orada, əsirlikdə bir gecədə saçım ağardı. Uzanmışdım, mənə çox soyuq idi, amma heç əllərimi də qaldıra bilmirdim ki, bədənimi bir azca da olsa qızdırım... Gözlərimi bağladım və bəzi səslər eşitdim. Gözlərimi açdım və ağ paltarlı, xeyirxah görünüşlü bir qocanın başımın üstündə dayandığını gördüm. Bir az mənə baxdıqdan sonra dedi: "Qorxma, səni gözləyənlərin yanına qayıdacaqsan!" Ertəsi gün məni erməni əsirlə dəyişdilər".
(1news.az saytına müsahibsinədən)