Azərbaycanın Ağdam, Füzuli və digər şəhərləri Stalinqrad, Sarayevo, Hələb və Lövenlə birlikdə "şəhid şəhərlər" sırasındadır…
Bəşəriyyət öz tarixi boyunca çox sayda ağır müharibələrə və dağıntılara şahid olmuşdur. Təkcə XX əsrdə milyonlarla insanın həyatına son qoymuş iki dünya müharibəsi baş vermişdir.

Bir qayda olaraq, müharibələrin nəticələri həlak olmuş və zərər çəkmiş əhalinin sayına əsasən qiymətləndirilir. Amma əziyyət çəkən təkcə insanlar deyil. Şəhərlər də əziyyət çəkir.

"Şəhəri öldürmək nə deməkdir? Bu, onun gücünü əlindən almaq, onun metafizik mahiyyətini, yaşamaq iradəsini, özünəməxsusluğunu boğmaq; (...) onun haqqında xatirələri silmək, onun keçmişini və bu gününü məhv etmək deməkdir".

Serbiyalı memar Boqdan Boqdanoviç əsrlər boyu müharibə aparan tərəflərin işğal olunmuş əraziləri dağıtmaq cəhdlərini belə təsvir edirdi. Venesiyada (İtaliya) yerləşən Ka-Foskari Universitetindən olan müəllif Custina Selvelli öz elmi-tədqiqat işində onun sözlərindən sitat gətirir.

1960-cı illərdə Latın dilindən "şəhərə qarşı zorakılıq" kimi tərcümə olunan "urbisid" termini yarandı. Bu terminin yaranması ABŞ-da şəhərlərdə zorakılıq və dağıntıların miqyasının artmasına gətirib çıxaran sürətli qloballaşma və urbanizasiya prosesi ilə bağlı idi. Lakin bu termin 1990-cı illərin əvvəllərində Sarayevo (Bosniya və Herseqovina) hadisələrindən sonra geniş şəkildə istifadə olunmağa başlandı. Burada müharibə və şəhərin 4 il mühasirədə qalması faciəvi nəticələrə gətirib çıxarmışdı.

Əgər urbisidin dolayı forması sivilizasiyanın inkişafının və ya şəhər ərazisinə zərər vuran tədbirlərin görülməsinin nəticəsidirsə, birbaşa urbisid şəhərin qəsdən fiziki məhvidir. Onun təzahürünün son nöqtəsi isə şəhərin özünəməxsusluğunu tamamilə məhv etmək məqsədilə şəhər ərazilərinin yerlə-yeksan edilməsidir.

"Şəhərin dağıdılması yaddaşın silinməsidir: şəhər buradakı abidələr, evlər, kitabxanalar, xəstəxanalarla birlikdə bütün bu tikililərin burada yaşayan insanlar üçün mənəvi dəyərini də itirir", –Custina Selvelli İkinci Dünya müharibəsi zamanı Leninqrad (indiki Sankt-Peterburq) şəhərinin mühasirəsi və Bosniya müharibəsi zamanı Sarayevo şəhərinin mühasirəsinə həsr olunmuş tədqiqat işində belə yazır.

Bəşəriyyət tarixi şəhərlərin dağıdılması hallarına dəfələrlə şahid olub, amma, gəlin, XX əsrin tarixinə nəzər salaq.
Birinci Dünya müharibəsi dövründə (1914-1918) Fransa və Belçikanın şimalında bəzi şəhər və kəndlər "şəhid şəhərlər" adlandırılmağa başlandı. Bunlar hərbi əməliyyatlar nəticəsində ən çox zərər çəkmiş ərazilər idi. Şəhərlərin strateji aviasiya tərəfindən bombardmana məruz qalmasının həmin dövrədək misli görünməmiş həddə çatdığı İkinci Dünya müharibəsi zamanı (1939-1945) bu termindən istifadə daha da genişləndi.

Kütləvi hava zərbələri təkcə düşmən ərazisindəki hərbi sənaye obyektlərini məhv etmək üçün deyil, həm də mülki əhalidə ruh düşkünlüyü yaratmaq və onun "müqavimət göstərmək iradəsini qırmaq" məqsədilə endirilirdi.

Belçikanın universitet mərkəzi sayılan Löven şəhəri hər iki dünya müharibəsi zamanı ciddi zərər çəkmişdi. 1914-cü ilin avqustunda Birinci Dünya müharibəsi başlayanda alman artilleriyası şəhəri yerlə-yeksan etmişdi. Şəhər yandırılmış, universitet şəhərciyi və olduqca zəngin kitabxanası yanaraq kül olmuş, şəhər mərkəzinin böyük hissəsi tamamilə dağıdılmışdı.
Löven Universitetindəki kitabxana Birinci Dünya Müharibəsindən əvvəl və dağıdıldıqdan sonra.
Şəhərin bu cür vəhşiliyə məruz qalmasına nəyin səbəb olduğu isə hələ də tarixçilər arasında mübahisə mövzusudur. Şəhərin məhv edilməsinin alman komandanlığının əmri ilə olub-olmadığı da məlum deyil, lakin bunun vandalizm aktı olduğu bütün dünyada qəbul edilir.

Şəhərin universitet kitabxanası İkinci Dünya müharibəsi dövründə də yandırılmış, 1944-cü ilin yazında Löven şəhərinin müttəfiqlərin aviasiyası tərəfindən dağıdıcı bombardmana məruz qaldığı vaxtda isə bir çox tarixi binalar zərər görmüşdü. Şəhərdəki qədim binaları köhnə çertyojlar əsasında bərpa etməklə, şəhəri, demək olar ki, tamamilə yenidən qurmaq lazım gəldi.

İkinci Dünya müharibəsi dövründə alman aviasiyasının dağıdıcı gücü nasist qoşunlarının hücum istiqamətində yerləşən bir çox SSRİ şəhərlərində də hiss edilmişdi. 90% dağıdılmış şəhərlər arasında Stalinqrad, Voronej, Vitebsk, Minsk, Kursk və Sevastopol var idi.
Stalinqrad Mərkəzi Univermağına müharibə zamanı ciddi ziyan dəydi, amma 1949-cu ildə demək olar ki, əvvəlki şəklində bərpa edildi.
Almaniya Hərbi Hava Qüvvələri 1941-ci ilin sentyabrından 1944-cü ilin yanvarına qədər hərbi blokadada olan Leninqrad (indiki Sankt-Peterburq) şəhərini də tez-tez bombalayırdı. Rəsmi məlumatlara əsasən, alman aviasiyası 3 il blokadada qalan və əhalisi aclıqdan qırılan şəhərə 272 hava hücumu həyata keçirmiş, 70 minə yaxın yandırıcı bomba və 5 minə yaxın qəlpəli-fuqaslı bomba atılmışdı.

Hava hücumundan müdafiə sistemləri sayəsində şəhəri tam dağılmaqdan qorumaq mümkün olsa da, təxminən 5 milyon kvadratmetrlik yaşayış yeri zərər çəkmiş və ya məhv edilmiş, 716 min leninqradlı öz evini itirmişdi. Ən çox ziyan cəbhə xəttinə demək olar ki bitişik olan Kirov rayonuna dəymişdi. Dövlətin mühafizəsi altında olan 300 bina və abidədən təxminən 200-ü zərər görmüş və ya dağıdılmışdı.

İkinci Dünya müharibəsi dövründə təkcə nasistlər deyil, Antihitler koalisiyasının qoşunları da qəsdən şəhərləri bombalayırdılar. Müharibənin bitməsinə 3 ay qalmış, yəni 1945-ci ilin fevralında Britaniya və Amerika aviasiyası Almaniyanın Drezden şəhərinə dağıdıcı zərbə endirmişdi. Müttəfiqlər bir neçə gün ərzində şəhərə 4 min ton aviasiya bombası atmışdılar.

Yanğın zamanı 25 min nəfər həlak olmuş, bombardmanlar nəticəsində şəhər binalarının 80%-i müxtəlif dərəcəli dağıntılara məruz qalmış, yaşayış binalarının 50%-i isə dağılmış və ya bərpaolunmaz şəkildə zədələnmişdi. Müttəfiqlər Almaniyanın digər şəhərlərini də bombalayırdılar (Pfortshaym şəhəri 22 dəqiqə ərzində əhalisinin beşdə-birini və şəhər infrastrukturunun 98%-ni itirmişdi), lakin mülki əhalinin çəkdiyi əzab-əziyyətlər dedikdə, məhz Drezden şəhəri ağla gəlir.

Yaponiyanın şəhərləri də zərər görmüşdü. 1941-ci ilin dekabrında yaponların ABŞ-ın Pörl-Harbor hərbi bazasına hücumundan sonra ABŞ qoşunları Yaponiya şəhərlərini, o cümlədən 1945-ci ilin martında Tokionu kütləvi bombardmana məruz qoymuş, nəticədə, 100 min nəfərə yaxın sakin həlak olmuş, 250 min bina dağılmışdı.

Müharibə dövrünün hərbi xəritələri ABŞ Hava Qüvvələrinin hədəfinin Yaponiya ərazisindəki hərbi obyektlər deyil, şəhərlər, vətəndaş infrastrukturu və dinc əhali olduğunu sübut edir. Bu hücumların pik nöqtəsi 1945-ci ilin avqustunda Xirosima və Naqasaki şəhərlərinə atom bombalarının atılması oldu ki, bu da növbəti dəfə böyük dağıntılara və mülki əhali arasında itkilərə səbəb oldu.

İkinci Dünya müharibəsindən sonrakı dövrdə hərbi əməliyyatlar nəticəsində ən güclü dağıntılara məruz qalan yeganə Avropa şəhəri Bosniya və Herseqovinada Sarayevo oldu. Leninqradın blokadası qurbanlar baxımından ən ağırı idisə, Sarayevonun blokadası da müasir müharibələr tarixində ən uzunmüddətlisi idi.
Bosniya və Herseqovinanın paytaxtı Sarayevo mühasirədən əvvəl çiçəklənən, gözəl bir şəhər idi. Müharibədən sonra xarabalığa çevrilən şəhəri bərpa etmək lazım gəldi.
Bosniya müharibəsi zamanı şəhər 4 il (Aprel 1992 – Fevral 1996) mühasirədə qalmışdı, bütün bu müddət ərzində hərbi əməliyyatlar faktiki olaraq şəhər küçələrində aparılırdı. Şəhər hər gün serb artilleriyası tərəfindən atəşə tutulurdu. Daha çox xəstəxanalar, KİV redaksiyaları, ictimai nəqliyyat, hökumət binaları, pivəbişirmə müəssisəsi, dəyirman və çörəkxana, idman və sənaye obyektləri, ticarət mərkəzləri və digər mülki obyektlər atəşə tutulurdu. Milli Kitabxana yanmış, onunla birlikdə minlərlə qiymətli nəşr məhv olmuşdu, buna görə də Sarayevonu çox vaxt "İkinci İsgəndəriyyə" adlandırırdılar.

Mühasirə zamanı 1500-dən çox uşaq da daxil olmaqla, 10 000-ə yaxın sakin həlak olmuş və ya itkin düşmüşdü. Şəhərdəki parklar və stadionlar məzarlığa çevrilmişdi. 15 000-ə yaxın uşaq da daxil olmaqla, təxminən 56 000 sakin yaralanmışdı. Bəzi küçələrdə "Sarayevo qızılgülləri" - mərmi qəlpələrinin izləri qalıb. Onlar qırmızı rəngdə boyanmışdır ki, bu da həmin yerdə kiminsə həlak olduğunu göstərir.

Son 10-15 ildə Şərqin ərəb dövlətlərində baş verən inqilablar, münaqişələr, qeyri-stabillik və müharibələr nəticəsində "şəhid şəhərlər" sırasına İraqın Mosul şəhəri, Suriyanın Dəməşq və Hələb şəhərləri də daxil olub - bu şəhərlər demək olar ki tamamilə dağıdılıb.
Suriyanın ən böyük şəhəri olan Hələb vətəndaş müharibəsi zamanı demək olar ki, tamamilə xarabalığa çevrildi.
Bununla belə, əgər yuxarıda sadalanan bütün şəhərlərin taleyi bu və ya digər dərəcədə dünyaya məlumdur və insan tərəfindən törədilən bu faciələrin qurbanlarının xatirəsi yaddaşda qorunub saxlanılır və gələcək nəsillərə ötürülürsə, Azərbaycanın sonuncu daşına qədər dağıdılmış şəhərlərini yaxın vaxtlara qədər mütəxəssislərin dar ünsiyyət dairəsindən kənarda, demək olar ki, heç kim tanımırdı.

1990-cı illərin əvvəllərində Ermənistanla Azərbaycan arasında başlayan Birinci Qarabağ müharibəsi və ondan sonrakı 30 il ərzində Azərbaycanın Qarabağ bölgəsinin işğal altında saxlanılması nəticəsində onlarla kənd və şəhər xarabalığa çevrilmişdir. Əgər Ermənistan tərəfi işğal edilmiş yaşayış məntəqələrinin bəzilərindən yaşayış üçün, bəzilərindən isə öz hərbçilərini yerləşdirmək üçün istifadə edirdisə, bir sıra şəhərlər sadəcə dağıdılmış, ardınca isə son daşına qədər sökülərək tikinti materialı kimi istifadə edilmişdir.

Qarabağ ərazisində belə "kabus şəhərlər" arasında Ağdam və Füzulini qeyd etmək olar. 2020-ci ilin payızında Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları və bu əraziləri işğaldan azad etməsi nəticəsində Azərbaycan ictimayyəti bir zamanlar çiçəklənən bu şəhərlərinin xarabalıqlara çevrilməsinin şahidi oldu. Beynəlxalq KİV-lərin çəkiliş qrupları, eləcə də müstəqil fotoqraflar və ictimai xadimlər burada olmuş və gördüklərini öz nəşrlərində əks etdirmişlər.
Ağdam şəhər Dram Teatrı erməni işğalından əvvəl və sonra.
"Azərbaycan hərbçiləri Füzuli şəhərini işğaldan azad edəndə bayraqlarını sancmaq üçün bir dənə də olsun salamat bina tapa bilmədilər. Dağılmış Mədəniyyət Evinin fasadı ilə kifayətlənməli oldular. Vaxtilə böyük və çiçəklənən Füzuli şəhəri – Dağlıq Qarabağ ətrafındakı böyük ərazinin bir hissəsi – 27 il bundan əvvəl talan edilmiş və dağıdılmışdı", - "Euronews" telekanalının Füzulidən reportajı belə başlayır.

"Şəhər təbiətlə baş-başa qalmışdı, dünyanın sonu haqqında filmdən bir dekorasiyaya bənzəyirdi. Burada yalnız Azərbaycan hərbçilərinin köməyi ilə və yalnız əsas yollarla hərəkət etmək mümkündür, onlardan başqa hər yer minalanıb", - 2020-ci ilin noyabrında çəkilmiş reportajda belə deyilir.
Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərə səfəri zamanı ermənilərin Azərbaycanın mədəni, tarixi, dini irsini mənimsəmək cəhdlərindən və törətdikləri dağıntılardan danışıb.
Ağdam şəhərində salamat qalmış yeganə bina yerli məsciddir, qalan hər şey xarabalıqdır.

"Associated Press" müharibə nəticəsində dağılmış şəhərin keçmiş azərbaycanlı sakinlərinin didərgin düşdükdən əsrin dörddə-biri qədər vaxt keçdikdən sonra onu görə bilmələrindən bəhs edən videoreportaj hazırlayıb. "Ağdamın geri qaytarılması Azərbaycanın zəfəridir, amma bu qayıdışın sevinci kədər və hiddətə qarışıb, axı viran qalmış şəhərə qayıtmaq lazım gəlir", – deyə reportajda bildirilir.

Uzun illərdir Fransada yaşayan dünya şöhrətli fotoqraf Reza Deqati 1990-cı illərdə Qarabağ müharibəsi zamanı da, 2020-ci ilin payızında ikinci müharibə zamanı da Azərbaycanda olub. O, işğaldan azad edilmiş Azərbaycan rayonlarının bir çoxuna, o cümlədən Füzuli və Ağdam şəhərlərinə səfər edib.

"90-cı illərdə döyüşlər zamanı dağıdılmış Füzuli son 30 il ərzində boş qalıb və heç bir şəkildə istifadə olunmayıb. Bu, "kabus şəhər"dir. Mən burada tənhalıq gördüm və bu sükunəti hiss etdim", - onun bu ərazidə çəkdiyi fotokadrlar bu təsvirlərlə müşayiət olunurdu.

Reza Ağdam şəhərini 27 il bundan əvvəl, 1992-ci il Xocalı faciəsindən bir qədər sonra görmüşdü. 2020-ci ilin noyabrında onu yenidən görəndən sonra yazırdı:

"Ağdam mənim yaddaşımda çiçəklənən və gözəl şəhər kimi qalmışdı. İşğaldan azad edildikdən sonra yenidən bu şəhərə səfər etdim, amma gözəl bir şəhər əvəzinə "kabus-şəhər" görəndə şoka düşdüm. Erməni işğalçıları barbar kimi burada hər şeyi dağıdıblar".
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev erməni işğalçılarının əməllərini "urbisid" adlandırıb.

"28 illik işğal dövründə Ermənistan burada əsl urbisid törətmişdir. Bu, şəhərə qarşı soyqırımıdır", - deyə o, 2020-ci ilin noyabrın 29-da Prezidentin tapşırığı ilə Azərbaycandakı diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri ilə birlikdə Ağdama yola düşərkən Twitterdə yazıb.

O, həmçinin Qarabağ xanlığının qurucusu və ilk hökmdarı, Cavanşirlər sülaləsinin ilk xanı Pənahəli xanın talan edilmiş türbəsinin kadrlarını da paylaşıb:

"İşğal edilmiş torpaqlarda, o cümlədən Ağdamda Azərbaycan xalqının mədəni və dini irsinə qarşı törədilmiş bu vandalizmdən sonra Ermənistanın heç mədəni zənginlikdən və mədəni dəyərlərdən danışmağa belə mənəvi haqqı yoxdur".

Ürək ağrısı ilə deyə bilərəm ki, burada olan dağıntılar hər bir Azərbaycan vətəndaşının qəlbini incidir. Ancaq Şuşanı dağılmış, amma, eyni zamanda, əyilməmiş, əzəmətli görmək bizi hədsiz dərəcədə qürurlandırır.

Şuşa ayaqdadır, Şuşa sınmayıb, Şuşa əyilməyib! Mənfur düşmən nə qədər çalışsa da, Şuşanın simasını dəyişdirə bilməyib. Biz Şuşanın bütün yaralarını sağaldacağıq. Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək.

Biz Şuşanı və dağıdılmış bütün başqa şəhər və kəndlərimizi bərpa edəcəyik. Dağıdılmış bütün tarixi abidələrimizi bərpa edəcəyik.


Mənbə: Prezident İlham Əliyevin işğaldan azad edilmiş Şuşa şəhərinə səfəri zamanı etdiyi nitqdən.


İlham Əliyev
Azərbaycan Prezidenti

Azərbaycan mədəniyyətinin beşiyi sayılan Şuşa şəhərinin çoxsaylı memarlıq abidələrinin aqibəti də eyni olmuşdur.
Xurşudbanu Natəvan Sarayı erməni işğalından əvvəl və sonra.
Aşağıdakı fotoqalereyada sizi erməni işğalçı qüvvələri tərəfindən Qarabağda törədilən dəhşətli dağıntıların nəticələri ilə tanış olmağa dəvət edirik.

Burada həm də Stalinqrad, Hələb, Sarayevo və Lövendə törədilmiş dəhşətli dağıntılara oxşar mənzərələrlə tanış ola bilərsiniz.

Erməni işğalçı qüvvələrinin Qarabağda törətdikləri dağıntılarla bağlı ətraflı foto sübutlara "Qarabağ" Mərkəzinin veb saytının "URBİSİD" bölməsində baxmaq olar.

1990-cı illərin əvvəllərində Ermənistanla Azərbaycan arasında başlayan Birinci Qarabağ müharibəsi və ondan sonrakı 30 il ərzində Azərbaycanın Qarabağ bölgəsinin işğal altında saxlanılması nəticəsində onlarla kənd və şəhər xarabalığa çevrilmişdir.

Əgər Ermənistan tərəfi işğal edilmiş yaşayış məntəqələrinin bəzilərindən yaşayış üçün, bəzilərindən isə öz hərbçilərini yerləşdirmək üçün istifadə edirdisə, bir sıra şəhərlər sadəcə dağıdılmış, ardınca isə son daşına qədər sökülərək tikinti materialı kimi istifadə edilmişdir.

Vətən müharibəsində Azərbaycanın qələbəsi bu ərazilərin ermənilər tərəfindən işğalına son qoymaqla yanaşı, işğalın barbar mahiyyətini də üzə çıxardı. Hazırda müvafiq dövlət qurumları tərəfindən işğalçı qüvvələrin Azərbaycanın şəhər və kəndlərinə vurduğu maddi ziyanın qiymətləndirilməsi aparılır. Gələcəkdə bu məlumatlar müvafiq məhkəmə iddialarının təməlini təşkil edəcək ki, bu iddialara əsasən də, Azərbaycan tərəfi Ermənistanın vurduğu milyardlarla ziyana görə təzminat ödəməsinə nail olmağa çalışacaqdır.
Prezident İlham Əliyevin işğaldan azad olunmuş Zəngilan və Qubadlı rayonlarına səfəri erməni işğalçılarının törətdikləri dağıntıların dəhşətli miqyasını nümayiş etdirdi.

Erməni işğalçı qüvvələrinin Qarabağda törətdikləri dağıntılarla bağlı ətraflı foto sübutlara "Qarabağ" Mərkəzinin veb saytının "URBİSİD" bölməsində baxmaq olar.

Erməni işğalçı qüvvələrinin Qarabağda törətdikləri dağıntılarla bağlı ətraflı foto sübutlara "Qarabağ" Mərkəzinin veb saytının "URBİSİD" bölməsində baxmaq olar.

Erməni işğalçı qüvvələrinin Qarabağda törətdikləri dağıntılarla bağlı ətraflı foto sübutlara "Qarabağ" Mərkəzinin veb saytının "URBİSİD" bölməsində baxmaq olar.

Erməni işğalçı qüvvələrinin Qarabağda törətdikləri dağıntılarla bağlı ətraflı foto sübutlara "Qarabağ" Mərkəzinin veb saytının "URBİSİD" bölməsində baxmaq olar.

Erməni işğalçı qüvvələrinin Qarabağda törətdikləri dağıntılarla bağlı ətraflı foto sübutlara "Qarabağ" Mərkəzinin veb saytının "URBİSİD" bölməsində baxmaq olar.

Erməni işğalçı qüvvələrinin Qarabağda törətdikləri dağıntılarla bağlı ətraflı foto sübutlara "Qarabağ" Mərkəzinin veb saytının "URBİSİD" bölməsində baxmaq olar.

Erməni işğalçı qüvvələrinin Qarabağda törətdikləri dağıntılarla bağlı ətraflı foto sübutlara "Qarabağ" Mərkəzinin veb saytının "URBİSİD" bölməsində baxmaq olar.

Erməni işğalçı qüvvələrinin Qarabağda törətdikləri dağıntılarla bağlı ətraflı foto sübutlara "Qarabağ" Mərkəzinin veb saytının "URBİSİD" bölməsində baxmaq olar.

Erməni işğalçı qüvvələrinin Qarabağda törətdikləri dağıntılarla bağlı ətraflı foto sübutlara "Qarabağ" Mərkəzinin veb saytının "URBİSİD" bölməsində baxmaq olar.

Erməni işğalçı qüvvələrinin Qarabağda törətdikləri dağıntılarla bağlı ətraflı foto sübutlara "Qarabağ" Mərkəzinin veb saytının "URBİSİD" bölməsində baxmaq olar.

Oxumağı tövsiyə edirik: