Qlobal iqlim dəyişikliyi, torpaqların səhralaşması proseslərini və təmiz içməli su çatışmazlığını nəzərə alsaq, bu gün ekologiya bütün dünya ictimaiyyətini narahat edən əsas məsələlərdən biridir.
Bu məsələlər
BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədləri (DİM-lər) sırasında öz əksini tapmışdır.
Daha dəqiq desək, Məqsəd 6 su ehtiyatlarından səmərəli istifadənin və su təchizatı, sanitariya və gigiyenaya çıxışın zəruriliyindən, Məqsəd 13 iqlim dəyişikliyinə qarşı mübarizədən, Məqsəd 15 isə quru ekosistemlərinin qorunması və bərpa edilməsinin, meşələrdən səmərəli istifadənin, səhralaşmaya qarşı mübarizənin, habelə torpaqların deqradasiyasının dayandırılmasının zəruriliyindən bəhs edir.
Ermənistanın təxminən 30 il davam etmiş və regionun ekoloji vəziyyətinə ciddi ziyan vurmuş işğalçılıq siyasəti nəticəsində, BMT-nin bu Məqsədlərinin 2030-cu ilədək qarşıya qoyduğu hədəflər Cənubi Qafqaz regionunda böyük sual altındadır.
İşğal olunmuş ərazilərdə həyata keçirilmiş qeyri-qanuni fəaliyyət və təbii ehtiyatların istismarı iqtisadi kontekstlə yanaşı, həm də bir sıra ekoloji problemlərə gətirib çıxarmışdır.
Meşələrin qırılması və yandırılması, su ehtiyatlarının çirklənməsi, flora və faunanın məhv edilməsi, regionda yerin təkinin talan edilməsi nтəticəsində ekoloji tarazlıq pozulmuşdur. Bu regionda ətraf mühitin deqradasiyası o qədər maneəsiz şəkildə baş verirdi ki, hətta Ermənistanın özündəki ekoloji təşkilatları belə narahat edirdi.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin "Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyət" adlı hesabatında ayrıca bir fəsil işğal olunmuş ərazilərdə həyata keçirilmiş qeyri-qanuni iqtisadi fəaliyyətin ekoloji nəticələrinə həsr olunmuşdur.
Xarici işlər Nazirliyinin hesabatında deyilir ki, beynəlxalq hüquq istənilən hərbi işğalı öz xarakterinə görə "müvəqqəti işğal" kimi təsnif edir və işğalçı ölkənin işğal edilmiş ərazi üzərində suverenlik əldə etməsini nəzərdə tutmur, buna görə də işğal faktı ilə əlaqədar həmin ərazinin hüquqi statusu dəyişmir.
"Anneksiyanın (ilhaqın) istənilən forması qadağan olduğundan, işğalçı ölkənin bu ərazidə hüquqi, sosial və iqtisadi strukturun dəyişdirilməsi məqsədilə fəaliyyət göstərmək azadlığı yoxdur. Hərbi təcavüzün nəticəsi olan ilhaq tanınmamalıdır.
İşğalçı tərəf öz gücündən mənafeyini qorumaq və ya əhalisinin maraqlarını təmin etmək üçün istifadə etməməlidir. Yerli sakinlərin, təbii ehtiyatların və ya onun nəzarəti altında olan ərazidəki digər aktivlərin öz maraqları naminə istismarına yol verilmir", - beynəlxalq hüquq praktikasına istinad edilən hesabatda belə deyilir.
Bununla belə, Qarabağ məsələsində bu normalar işğalçı ölkə tərəfindən kobudcasına pozulmuşdu.
Beynəlxalq qurumların müxtəlif sənədlərində də işğalın ekologiyaya mənfi təsiri barədə qeyd edilmişdir.
Məsələn, Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə
hesabatlarından birində qeyd edilir ki, təcavüzün nəticəsi həm də torpaq sahələrinin deqradasiyası olub.
"AzerCosmos" dövlət şirkətinin
kosmosdan çəkdiyi və "Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət: peyklərdən əldə edilən sübut" adlı hesabata (2019) daxil edilmiş şəkillərdə regiona dəyən ekoloji zərər əyani şəkildə göstərilir. Burada aparılmış qeyri-qanuni iqtisadi fəaliyyətin miqyası bu işlərə böyük beynəlxalq investisiyaların qoyulduğunu sübut edir.
27 sentyabr - 10 noyabr 2020-ci il tarixlərində aparılmış 44 günlük Vətən müharibəsində Azərbaycanın şanlı zəfərindən və Dağlıq Qarabağ bölgəsi və ərazi bütövlüyünün bərpasından sonra, işğal illəri ərzində həyat fəaliyyətinin müxtəlif sahələrində, o cümlədən ekoloji sahədə Ermənistanın Azərbaycana vurduğu ziyanın qiymətləndirilməsi prosesinə başlanıldı. Azərbaycan artıq bəyan edib ki, beynəlxalq məhkəmələr vasitəsilə həm Ermənistan, həm də Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərində qeyri-qanuni biznes qurmuş beynəlxalq şirkətlərin təzminat ödəməsini tələb edəcəkdir.
"Bu ərazilərdəki təbii sərvətlərin qeyri-qanuni istismar edildiyi danılmaz faktdır. Bizim əlimizdə şirkətlərin adları var. Qeyd etməliyəm ki, əgər qızıl və digər yataqlarımızı qeyri-qanuni istismar edən bu şirkətlər təzminat ödəməsələr, bu məsələ məhkəməyə veriləcək, orada isə onları biabırçılıq gözləyir", -
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən ilin yekunlarına həsr olunmuş 6 yanvar 2021-ci il tarixli müşavirədə belə deyib.