Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, 27 sentyabr 2020-ci il - 16 noyabr 2020-ci il tarixlərində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı cinayətləri nəticəsində 94 nəfər ölüb, 414 nəfər isə yaralanıb. Bundan əlavə, 3410 ev və 120 çoxmənzilli bina, habelə 512 mülki obyekt yaşayış üçün yararsız vəziyyətə düşüb.
Qeyd edək ki, Azərbaycan Ordusu heç vaxt dinc erməni əhalisinə qarşı zərbələr endirməyib.
Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə buna işarə edib. Məsələn, 26 fevral 2021-ci il tarixdə yerli və xarici KİV nümayəndələri üçün keçirdiyi mətbuat konfransı zamanı Ukraynanın "İnter" telekanalının müxbirinin sualını cavablandırarkən, Azərbaycan dövlətinin başçısı mülki əhali arasında itkilərin minimuma endirilməsi məsələsini qeyd etdi.
"Biz azadlıq əməliyyatlarını həyata keçirərkən mənim Ali Baş Komandan kimi verdiyim göstərişlərdən biri bu barədə olub. Statistikaya baxsanız, bizdə olan məlumata görə qarşı tərəfin dinc əhalisi arasında itki minimum olub. Bu itkilər 40 nəfərdən azdır. Eyni zamanda, onların hərbi qulluqçuları arasında itkilər ən azı 6,5 – 7 min nəfərə çatıb. Bundan əlavə, bizim müşahidələrə görə düşmən tərəfin belə adlandırılan dinc əhalisinin çox hissəsi onlar əməliyyatlarla bağlı hərəkətlər edən vaxt həlak olublar, onlar artilleriya toplarının yaxınlığında olub, döyüş sursatları daşıyıblar və o vaxt biz bu topları məhv edərkən həmin adamlar zərər çəkiblər.
Buna görə də müharibədə dinc əhali zərər çəkməyib. Erməni tərəfi isə təəssüf ki, əksinə, bizim dinc əhaliyə maksimum zərər vurmağa çalışırdı, Gəncənin, Bərdənin, Tərtərin və digər şəhərlərin ballistik raketlərlə bombalanması buna sübutdur"- deyə, dövlət başçısı qeyd edib.
Bu şanlı günlərdə Azərbaycan təkcə döyüş meydanında deyil, həm də informasiya arenasında üstünlük nümayiş etdirirdi. Azərbaycan Prezidenti, demək olar ki hər gün öz gərgin cədvəlində nüfuzlu xarici KİV-lərə müsahibə vermək üçün vaxt ayırır, baş verənlərlə bağlı həqiqəti dünyaya çatdırır, mühüm tarixi faktları ortaya qoyur, aparıcı regional dövlətlərin cari hadisələrdəki roluna siyasi qiymət verərək, Ermənistan tərəfinin və onun havadarlarının beynəlxalq mediada yaymağa çalışdıqları mifləri darmadağın edirdi.
Azərbaycan Prezidenti hər müsahibəsində Azərbaycan tərəfinin əlində Fransa, ABŞ, Yunanıstan və digər ölkələrdən olan muzdluların, həmçinin dünyanın bir çox ölkələri, eləcə də Avropa İttifaqı tərəfindən terror təşkilatı kimi tanınan PKK yaraqlılarının Ermənistan tərəfində döyüşlərdə iştirak etməsi barədə təkzibedilməz sübutların olduğunu deyirdi.
O, hər müsahibəsində Azərbaycanın mifik "yaraqlıları" öz tərəfinə cəlb etməyə ehtiyac duymadığını vurğulayırdı.
- Bizim güclü nizami ordumuz var, "məğlubedilməz Ermənistan ordusu" mifini darmadağın edərək qələbə dalınca qələbə qazanırıq;
- muzdlular terroru öz ideologiyasının əsaslarından birinə çevirən Ermənistana lazımdır;
- məhz Ermənistan kaset və fosforlu döyüş sursatlarından istifadə edərək Azərbaycanın cəbhə bölgəsində yerləşən kənd və şəhərlərinin dinc əhalisi arasında çoxsaylı tələfatlara səbəb olan hərbi cinayətlər törətmiş və bu fakt beynəlxalq hüquq müdafiə təşkilatlarının hesabatlarında da öz əksini tapmışdır;
- Türkiyə və digər ölkələr bizi dəstəkləyiblər, ancaq sırf siyasi və mənəvi dəstək veriblər, bu isə bizi daha da ruhlandırıb…
Azərbaycan Prezidentinin dünyanın aparıcı telekanallarında yayımlanan, dünyanın nüfuzlu informasiya agentliklərində dərc edilən və müharibənin əsl həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdıran dəqiq ismarışları budur.
Vətən müharibəsinin getdiyi hər gün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları televizor qarşısında nəfəsini tutaraq Ali Baş Komandanın müraciətlərini, sosial şəbəkədə paylaşdığı qələbə tvitlərini gözləyirdilər.