Praqada 32 dildə nəşr olunan və dünyanın 145 ölkəsində yayılan "Sülh və Sosializm Problemləri" jurnalının 1977-ci ildə nəşr olunan 6-cı sayında Kevorkovun "Biz millətlərin qardaşlığını görmüşük" adlı müsahibəsinin dərc olunmasından sonra o, növbəti dəfə öz həmtayfalılarının tənqid hədəfinə çevrildi. Müsahibənin müəllifləri – Hindistan Kommunist Partiyası Milli Şurasının üzvü Sarada Mitra və İraq Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü Adel Xaba milli münasibətlərin inkişafı ilə tanış olmaq üçün Sov.İKP MK-nın dəvəti ilə Azərbaycan SSR-də olmuşdular. Onlar DQMV-də Dağlıq Qarabağ Vilayət Partiya Komitəsinin birinci katibi Kevorkovla görüşərək ona Dağlıq Qarabağın Ermənistan SSR-dən nazik torpaq zolağı ilə ayrılmasına baxmayaraq nə üçün Ermənistan deyil, Azərbaycan SSR-in tərkibinə daxil olması barədə sual verdilər.
Kevorkov belə cavab verdi:
"Muxtar vilayət Ermənistan SSR-ə yaxın olsa da, onları uca dağlar ayırır. Dağlıq Qarabağ erməniləri Azərbaycanın tərkibində dövlətçiliyə nail olublar və bu aqibəti könüllü olaraq seçiblər. Bu diyar Azərbaycanın tərkibində çiçəklənib... Ancaq millətçilər "Qoy mən pis yaşayım, amma Ermənistana bağlı olum" deyə bilərlər [9].
Bu nömrə yazıçı Sero Xanzadyanın əlinə keçən kimi, o, L.İ.Brejnevə açıq məktub yazmışdı. Üstəlik, SSRİ-nin yeni konstitusiyasının qəbul edilməsinə hazırlıq ərəfəsində Mərkəzi rəhbərliyə Dağlıq Qarabağın Ermənistana verilməsinin vacibliyini növbəti dəfə xatırlatmaq üçün əlverişli fürsət yaranmışdı.
Məktubunun əvvəlində Xanzadyan 1975-ci il Dağlıq Qarabağ Vilayət Komitəsinin mart Plenumuna yenidən qayıtmış, orada Kevorkovun çıxışını "Sosialist Ermənistanının uğurlarını və nailiyyətlərini pisləmək" cəhdi kimi qiymətləndirmişdi. Kevorkovun müsahibəsindəki "Dağlıq Qarabağ erməniləri Azərbaycanın tərkibində dövlətçiliyə nail olublar və bu aqibəti könüllü olaraq seçiblər" tezisi üzərində ətraflı dayanan Xanzadyan, "aqibət" sözünü "aradan qaldırılmalı olan ədalətsizlik" kimi səciyyələndirmişdi.
Xanzadyan məktubunun sonunda ənənəvi erməni manerasında xahiş edirdi:
"Əziz Leonid İliç! İlk dəfə deyil ki, həll edilməmiş Qarabağ problemi iki xalq arasında dostluğun möhkəmlənməsinə mane olur. Bütün ümidimiz onadır ki, Siz, nəhayət, yarım əsrdən çoxdur ki ədalətsizliyin özünü təcəssüm etdirən bu məsələni həll edəcəksiniz.
Bizim vahid, qüdrətli dövlətimizin hüdudları daxilində olan, əhalisinin 80 faizindən çoxu erməni olan, erməni məktəblərinin olduğu erməni vilayəti Ermənistan SSR-in tərkibində olmalıdır. Bu məsələnin ədalətli həlli dünya xalqları tərəfindən Leninin milli siyasətinin yeni təntənəsi kimi qiymətləndiriləcəkdir" [10].
Nəticədə, Ermənistan MK-nın birinci katibi K.Dəmirçyan öz millətindən olan ədibin cəsarətinə görə Moskva qarşısında cavab verməli oldu, Azərbaycan isə növbəti dəfə erməni təxribatına uymadı.
1975-ci ildə, hələ 40-cı illərin sonunda ciddi etirazlarla qarşılaşaraq M.C.Bağırov başda olmaqla Azərbaycan rəhbərliyi qarşısında üzr istəməyə məcbur olmuş kifayət qədər tanınmış Marietta Şaginyan, Sovet ədəbiyyatı günlərində iştirak etmək üçün Bakıya gəlmişdi. Onun üzr istəməsinə səbəb isə Yerevanda (İrəvanda) "Armengiz" nəşriyyatında 1946-cı ilin əvvəlində nəşr olunmuş "Sovet Zaqafqaziyası" kitabında Qarabağın azərbaycanlı əhalisinə böhtan atması, onun geridəqalmışlıq və kobudluq kimi xüsusiyyətlərə malik olduğunu uydurması, Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı faktları təhrif etməsi idi.
O, Kirovabadda (Gəncə) və DQMV-də olarkən yerli erməni ziyalıları ilə görüşlər keçirdikdən sonra Bakıya gəlmiş və burada onu Heydər Əliyev qəbul etmişdi. Görüş zamanı o, müşahidələrini Heydər Əliyevlə bölüşərək, ermənilərin Azərbaycanda əla yaşadıqlarını və "yağ içində pendir kimi üzdüklərini" etiraf etməyə məcbur olmuşdu. Görüş zamanı Şaginyan həmçinin qeyd etmişdi ki, erməni ziyalıları arasında əvvəlkitək DQMV-nin Ermənistana verilməsinin zəruriliyi barədə düşünənlər var
[11].
1977-ci ildə ölkədə SSRİ-nin üçüncü, tarixi ədəbiyyatda "Brejnevin" Konstitusiyasının qəbul edilməsinə hazırlıq prosesi sürətlə davam edirdi. Bu əlamətdar hadisə ərəfəsində ermənilər öz ənənələrinə sadiq qalaraq yenidən Moskvaya DQMV-nin Ermənistana birləşdirilməsi tələbi ilə çoxsaylı müraciətlər göndərməyə başladılar.
1977-ci il iyulun 5-də tanınmış erməni yazıçısı S.Kaputikyanın, DQMV-nin Vilayət Komitəsinin keçmiş katibi T.Qriqoryanın, professor Q.Yepiskoposovun, SSRİ əhəmiyyətli fərdi təqaüdçü S.Akopyanın və başqalarının imzası ilə Konstitusiya Komissiyasına məktub göndərilərək DQMV-nin və Naxçıvan MSSR-nin Ermənistana verilməsi zərurəti barədə növbəti dəfə məsələ qaldırılmışdı.
Müəlliflər elə ilk cümlələrdən tarixi faktları saxtalaşdıraraq, arzuolunanı gerçək olaraq təqdim etmişdilər. Ermənistanla Azərbaycan arasında sərhədlərə yenidən baxılması ideyasını əsaslandırmaq üçün Sovet rəhbərliyini inandırmağa çalışırdılar ki, Ermənistanla Azərbaycan arasında sərhədlər 1918-1920-ci illərdə hər iki respublikada millətçilərin hakimiyyətdə olduğu dövrdə, millətlərarası qanlı müharibələr və qırğınlar, "alman-türk imperialistlərinin Zaqafqaziyaya hücumları" nəticəsində formalaşmışdır. Növbəti dəfə Türkiyə və Azərbaycanda uydurma "erməni soyqırımı" ilə bağlı rəqəmlərlə manipulyasiya edildi". Yəni müəlliflər birtərəfli məlumatla göstərmək istəyirdilər ki, millətlərarası toqquşmaların qurbanları sırf azərbaycanlılar tərəfindən guya "torpaqları əllərindən alınmış" ermənilər olmuşdur.
Tarixi faktları tamamilə təhrif edən məktub müəllifləri sübut etməyə çalışırdılar ki, guya "əzəli erməni torpaqları" olan Naxçıvan və Dağlıq Qarabağ, Daşkəsən, Şamxor, Gədəbəy, Xanlar və Şaumyan (indiki Goranboy rayonu) rayonları "türk qoşunları tərəfindən işğal edilərək Azərbaycana verilmişdir".
Məktubun müəllifləri iki dövlət arasında qanlı müharibələrə məhz sərhəd məsələlərinin həll edilməməsinin səbəb olduğunu və bu müharibələrə yalnız 1920-ci ildə Azərbaycanda və Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra son qoyulduğunu bilməyə bilməzdilər. Sovet hakimiyyəti Naxçıvanda və Dağlıq Qarabağda muxtar qurumların yaradılması yolu ilə bu münaqişələrə moratorium qoymuşdu.
Məktubun müəllifləri Bakı Şurasının 1 dekabr 1920-ci il tarixli Bəyannaməsinin mətnini misal gətirirdilər və onların fikrincə, bu Bəyannamə faktiki olaraq bolşeviklərin Ermənistanla Azərbaycan arasında mübahisəli ərazilər məsələsinin həllinə dair proqramı idi. Bəyannamədə Zəngəzur və Naxçıvanın Ermənistana verilməsi, Dağlıq Qarabağa isə öz müqəddəratını təyin etmək hüququnun verilməsi təklif edilirdi. Ancaq, məktub müəllifləri hesab edirdilər ki, bu proqramın icrası zamanı Naxçıvan məsələsində Ermənistanın qarşısında duran əsas maneə Türkiyə olmuşdur. Ancaq Naxçıvan məsələsi SSRİ-Türkiyə dostluq və qardaşlıq müqaviləsi əsasında həll olundu. Dağlıq Qarabağın taleyinə gəlincə, məktub müəlliflərinin fikrincə, bu məsələdə ermənilərə öz müqəddəratını təyinetmə hüququndan istifadə etməyə imkan verilməyib.
Ancaq nədənsə məktubda guya "ermənilərə bu hüquqdan istifadə etməyə kimin mane olduğu" barədə heç nə deyilmirdi. Görünür, o zaman etiraf etmək lazım gələcəkdi ki, Dağlıq Qarabağ ermənilərinin Azərbaycanın tərkibində muxtariyyəti məsələsi "türk-alman imperialistləri və Müsavat millətçiləri" tərəfindən deyil, Moskvanın Qafqazdakı emissarları Q.Orconikidze və S.Kirov tərəfindən partiya qaydasında həll edilmişdi. Beləliklə, təkcə Ermənistanla Azərbaycan arasında deyil, Türkiyə ilə həmin respublikalar arasında da sərhədlərin qəti şəkildə müəyyənləşdirilməsində məhz Moskva həlledici rol oynamışdı.
Məktub müəlliflərinin Dağlıq Qarabağın Ermənistana verilməsinin zəruriliyinə dair əsas arqumenti guya Azərbaycan rəhbərliyinin vilayətin erməni əhalisinin iqtisadi və mədəni inkişafına mane olması, iqtisadiyyatın inkişafı və vətənə qayıtmaq istəyən xaricdəki ermənilərin yerləşdirilməsi üçün Ermənistanda torpaq fondlarının çatışmazlığı idi.
Məktub müəllifləri DQMV-də baş verən demoqrafik proseslərin obyektiv səbəblərini, daha dəqiq isə - ermənilərin sayının azalmasını və azərbaycanlıların sayının artmasını təhlil etmədən 1926 və 1970-ci illərdə aparılmış siyahıyaalmaların yekun nəticələri ilə manipulyasiya edirdilər. Onlar Azərbaycanın ermənilərin yaşadığı başqa regionlarında, xüsusən Bakı və Kirovabadda (Gəncə) da belə vəziyyətin hökm sürdüyündən şikayət edirdilər. Guya ermənilər ana dilində təhsil almaq, teatra malik olmaq və s. hüquqlarından məhrum edilirlər.
Erməni və rus xalqlarının tarixən dostluğu, ermənilərin Rusiya-İran və Rusiya-Türkiyə müharibələrində, Sovet hakimiyyətinin qurulmasında və Böyük Vətən müharibəsi illərində faşizm üzərində Qələbənin qazanılmasında Rusiyanın qələbəsinə verdiyi töhfələrdən danışılaraq yenidən "sarı sim"ə toxunuldu. Ona görə də məktubun müəllifləri belə qənaətə gəlmişdilər ki, erməni xalqının öz maraq və istəklərini nəzərə almaq, öz tarixi, maddi-mənəvi dəyərlərini qoruyub saxlamaq, guya türklərin hücumları nəticəsində və Azərbaycan müsavatçıları tərəfindən ondan qoparılmış rayonların Ermənistanla birləşdirilməsinə qanuni şəkildə can atmaq üçün müstəsna hüququ vardır.
Bununla yanaşı, Azərbaycanın öz əzəli torpaqlarının bir hissəsini Ermənistanın xeyrinə "qardaşlıq maraqları" adı altında qurban verməsi həyasızcasına təklif olunurdu. Guya Azərbaycan bundan heç nə itirməyəcəkdi. Bununla yanaşı, Azərbaycanın üstünlüyünü göstərmək və ölkə rəhbərliyini öz iqtisadi inkişafı və erməni miqrantlarının yerləşdirilməsi üçün torpaq çatışmazlıqdan daim şikayət edən Ermənistanın ərazi iddialarını təmin etməyə çağırmaq üçün iki respublikanın ərazisi və əhalisinin sayı müqayisə edilirdi.
Məktubun sonunda müəlliflər bir daha sübut etməyə çalışırdılar ki, Ermənistanla Azərbaycan arasındakı sərhədlərə yenidən baxılması demokratiya, kommunizm quruculuğu və həqiqi "xalqlar dostluğu" prinsiplərinə uyğun olacaqdır. Ona görə də SSRİ Konstitusiyasına müvafiq dəyişikliklərin edilməsi və Naxçıvan MSSR və DQMV-nin Ermənistanın tərkibinə daxil edilməsinin məqsədəuyğunluğu məsələsinə baxılması təklif edilirdi.
22 iyul 1977-ci il tarixli məktuba əlavə olunmuş qısa arayışda Sov.İKP MK-nın Təşkilati-partiya işi şöbəsinin sektor müdiri A.Sannikov bildirirdi ki, məktubun müəlliflərindən biri olan S.Akopyanla Sov.İKP MK-nın Təşkilati-partiya işi şöbəsinin təlimatçısı Qromıko söhbət etmiş, 1977-ci il avqustun 11-də isə məktub barədə Sov.İKP MK-nın katibi İ.Kapitonova məruzə edilmişdir
[12].