İşğal dövründə Qarabağda qeyri-qanuni fəaliyyətin miqyasına görə dağ-mədən sahəsindən sonra ikinci yeri telekommunikasiya sektoru tuturdu. Rabitənin inkişafı və daha sərfəli rouminq xidmətləri işğal olunmuş regionla ünsiyyəti asanlaşdırırdı ki, bu da işğal edilmiş torpaqlara həm Ermənistandan, həm də dünyanın müxtəlif ölkələrindən etnik ermənilərin qeyri-qanuni olaraq köçürülməsi prosesini daha da gücləndirirdi.
Ermənistan Azərbaycan radiotezliklərindən istifadə edərək, işğal etdiyi ərazilərə qeyri-qanuni olaraq öz unikal nömrəsi olan +374 kodunu vermişdi, – Azərbaycan XİN-in hesabatında belə deyilir.
Bununla yanaşı, hökumətlərə MCC və MNC kodlarını vermək və bərpa etmək hüququ verən Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) E.212 tövsiyəsinə zidd olaraq, "Karabakh Telecom" QSC Azərbaycanın işğal olunmuş ərazilərində 283 (MCC) və 04 (MNC) kodlarından istifadə edirdi.
"Karabakh Telecom" şirkəti 2002-ci ildə livanlı iş adamı Pyer Fattuş (yeganə səhmdar) tərəfindən təsis edilmişdir. Şirkətin saytında verilən məlumata görə, 2013-cü ilin sentyabr ayında "Karabakh Telecom" həmin vaxtlar işğal altında olan Zəngilan şəhəri ərazisində də simsiz sabit rabitənin və internet xidmətinin istifadəyə verildiyini elan edib.
2015-ci ilin yanvar ayında "Karabakh Telecom" şirkətinin Baş direktoru Qaregin Odabaşyan həmin dövrdə işğal altında olan Şuşa şəhərinin də fiber-optik şəbəkəyə qoşulduğunu bildirmiş və bunu informasiya texnologiyaları (İT) sahəsində böyük nailiyyət adlandırmışdır. O, həmin vaxt işğal altında olan digər şəhər və kəndlərin də mobil rabitə və internetlə əhatə olunması ilə bağlı şirkətin planları haqqında məlumat vermişdi. Onun sözlərinə görə, bu, "ərazilərin kompleks inkişafına", "sosial, iqtisadi, mədəni və digər sahələrdə artımın təmin olunmasına" kömək etməli idi.
"Beynəlxalq telekommunikasiya sahəsində dəqiq müəyyən edilmiş qaydalar mövcuddur, buna görə də hazırda rouminq xidmətini [Ermənistan və işğal olunmuş ərazilər arasında] ləğv etmək mümkün deyil. Lakin biz daim rouminq tariflərinin azaldılması üzərində işləyirik", - deyə o, həmin vaxt bildirmişdi.
Həmin vaxt Odabaşyanın verdiyi məlumata görə, 2014-cü ildə "Karabakh Telecom" işğal olunmuş Qarabağda məskunlaşma prosesinin irəliləməsinə 1 milyard dram (1,9 milyon ABŞ dolları) yardım edib ki, bu da özlüyündə beynəlxalq hüququn pozulması deməkdir. Azərbaycan Respublikası XİN-in məruzəsində qeyd edilir ki, ayrılmış vəsait müxtəlif sahələrə – səhiyyə, təhsil, yeni kilsələrin inşası, təhlükəsizlik qüvvələri və digər sahələrə yönəldilmişdir.
Qarabağda telekommunikasiya sektorunda erməni şirkətləri ilə yanaşı, müxtəlif vaxtlarda dünyanın onlarla tanınmış xarici şirkəti də fəaliyyət göstərib. Onların arasında Böyük Britaniyanın "Vodafone", Fransanın "Orange", Rusiya və Niderlandın "VimpelCom" birgə şirkəti və digər şirkətlər var.
Azərbaycan Respublikası XİN-in hesabatında qeyd edilir ki, Ermənistanın mobil rabitə operatorları "Karabakh Telecom" şirkətinin endirimli tariflərlə rouminq xidmətini təmin ediblər.
Onların arasında "Armentel" (Rusiyanın "Vimpelcom" şirkətinin "Beeline" brendi altında mobil rabitə xidmətləri göstərən törəmə şirkəti), "Viva Cell MTS" və "Orange Armenia" (Fransanın "Orange" şirkətinin törəmə şirkəti) var.
""Karabakh Telecom" ilə qeyri-qanuni rouminq münasibətlərinə malik olan və ya hər hansı digər şəkildə onun fəaliyyətinə kömək edən bir sıra beynəlxalq İT xidmətləri təminatçıları da var. Onların arasında "Movisar" (Argentina), "Zain Bahrain" (Bəhreyn), "Etisalat" (BƏƏ), "Netmechanica" (ABŞ), "Alcatel-Lucent" (Fransa-ABŞ), "Comfone" (İsveçrə), "Mobile Telesystems" (Rusiya) və başqaları var", – hesabatda belə deyilir.
Qarabağda bəzi telekommunikasiya şirkətlərinin fəaliyyəti haqqında məlumatlar "Kohelet Policy Forum" (KPF) beyin mərkəzinin
"Kim mənfəət əldə edir?" hesabatlarında da yer alır.
Bu sənədlərdə qeyd olunur ki, illik gəliri 44,9 milyard ABŞ dolları olan "Orange SA" fransız şirkəti 2009-cu ildən etibarən "Orange Armenia" filialı vasitəsilə Ermənistanda təmsil olunub. Şirkət "DQR" marionet rejimi ilə fəal surətdə əməkdaşlıq edirdi: şirkət öz sənədlərində bu qondarma quruluşa dövlət statusu "vermişdi".
""Orange SA" şirkəti bilavasitə işğal olunmuş ərazidə yerləşən və bu əraziyə xidmət göstərən "Karabakh Telecom" şirkəti ilə xüsusi razılaşma yolu ilə Qarabağda rouminq xidməti göstərir", – hesabatda belə deyilir.
Şirkətin xidmət tariflərinin aşağı salınması barədə press-relizində bildirilirdi ki, şirkət Dağlıq Qarabağa səyahət edən ermənilər, o cümlədən Qarabağda yerləşdirilmiş erməni ordusunun əsgərləri üçün "komfortun yaradılması"nı hədəfləyir." "Orange SA" şirkəti telekommunikasiya xidmətləri ilə yanaşı, uzun illər ərzində Dağlıq Qarabağda infrastruktur layihələri üçün vəsaitin toplanmasında da iştirak edib.
2008-ci ilədək illik gəliri 54,5 milyard ABŞ dolları olan "Vodafone" Britaniya şirkəti postsovet ölkələrinin bazarlarına genişlənərək, Rusiyanın "MTS" telekommunikasiya şirkəti ilə əməkdaşlıq edib. "MTS-Vodafone" operatoru Ermənistanda "VivaCell-MTS" şirkəti vasitəsilə fəaliyyət göstərib. Sözügedən şirkət bu yaxınlara qədər rouminq tariflərinin əhəmiyyətli dərəcədə aşağı salınması hesabına Ermənistanla işğal olunmuş Qarabağ arasında əlaqələrin genişlənməsinə dəstək verib. Şirkət həmçinin festivallar, fandreyzinq kampaniyaları və digər layihələr vasitəsilə Ermənistan və işğal olunmuş Qarabağın birləşdirilməsinə yönəlmiş təşəbbüsləri də dəstəkləyib.
Dünyanın 13 ölkəsində mobil xidmətlər təklif edən Rusiya-Niderland beynəlxalq telekommunikasiya şirkəti "VimpelCom" (bu yaxınlara qədər "VEON" kimi tanınırdı) 135 milyondan artıq abunəçiyə və 10 milyard ABŞ dolları həcmində illik gəlirə malikdir. "VimpelCom" şirkətinin bir hissəsi Norveç hökumətinin idarəsi altında olan "Telenor" telekommunikasiya şirkətinə məxsusdur. Şirkətin Rusiya brendi olan "Beeline" Rusiya, Laos və bir sıra postsovet ölkələrində, o cümlədən Ermənistanda xidmət göstərir.
Ötən ilin oktyabrında Vətən müharibəsinin qızğın vaxtında "Beeline" şirkəti o vaxtlar işğal altında olan Qarabağda nümayişkaranə şəkildə öz abunəçiləri üçün "sıfır tarif" müəyyən etmişdi.
"Beeline" şirkəti o vaxtlar Qarabağda rouminqdə olan abunəçilər üçün işğal olunmuş Qarabağın bütün mobil və sabit şəbəkələrinə gələn və gedən zənglər, eləcə də Ermənistandakı "Beeline" mobil şəbəkəsinə gələn zənglər üçün "dəqiqədə sıfır dram" tarifi təyin etmişdi. "Dəqiqədə sıfır dram" tarifi həmçinin Ermənistandan, bütün "Beeline" mobil nömrələrindən işğal olunmuş Qarabağın mobil və sabit şəbəkələrinə edilən zənglərə də tətbiq edilirdi.