Azərbaycanın işğal olunmuş torpaqlarının məskunlaşdırılması beynəlxalq humanitar hüquq normalarına zidd olaraq, Ermənistanın dövlət siyasəti səviyyəsində həyata keçirilirdi. Azərbaycan Respublikasının
Xarici İşlər Nazirliyinin "Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyət" (2016) adlı
hesabatında bunun çoxsaylı sübutları yer alıb.
Sənəddə qeyd edilir ki, Qarabağda qondarma rejimin xərclərinin yarıdan çoxu Ermənistanın dövlət büdcəsindən ödənilib ki, bu xərclərə də həm marionet rejimin özünə, həm də işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyətə dəstək verilməsi daxil idi. Həmin torpaqlarda layihələrin icrası üçün texniki, maddi və digər dəstəyin göstərilməsi Ermənistan Respublikasının müxtəlif nazirliklərinin, məsələn, Diaspor Nazirliyinin büdcəsi hesabına həyata keçirilirdi.
Məskunlaşdırma siyasətinin dəstəklənməsi vacib məqamlardan biri idi. Erməni diaspor təşkilatları da, əsasən erməniəsilli özəl xarici investorlar da, ABŞ-da fəaliyyət göstərən "Tufenkyan" Fondu (Tufenkian Foundation), Ümumerməni Xeyriyyə Birliyi (Armenian General Benevolent Union (AGBU)), Çerçyan Ailə Fondu (Cherchian Family Foundation) və s. kimi qeyri-kommersiya xeyriyyə təşkilatları da bu fəaliyyətə aktiv şəkildə cəlb olunurdular.
Məsələn, "Hayastan" ümumerməni fondu (Hayastan All-Armenian Fund)
"Artsax kəndlərinin məskunlaşdırılması" adlı xüsusi layihə (Azərbaycanın işğal olunmuş əraziləri) hazırlayaraq həyata keçirib.
Gəlmə əhali təkcə ermənilərin iddia etdikləri keçmiş Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) torpaqlarında deyil, həm də onun ətrafındakı, 1990-cı illər müharibəsi zamanı işğal edilmiş, erməni əhalinin heç vaxt yaşamadığı Azərbaycan rayonlarında da məskunlaşdırılırdı.
Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan və Cəbrayıl rayonları xüsusilə fəal şəkildə məskunlaşdırılırdı.
Bu siyasətin əsas məqsədi münaqişədə status-kvonu saxlamaq, işğal olunmuş torpaqlarda yeni demoqrafik vəziyyət yaratmaq, azərbaycanlıların tarixini və izini silmək və əzəli Azərbaycan əhalisinin bu ərazilərə qayıtmasını qeyri-mümkün etmək idi.
İşğal olunmuş ərazilərdə məskunlaşdırmanın təşviqi məqsədilə subsidiyalaşdırma və maddi həvəsləndirmə sistemi tətbiq edilmişdi. Müxtəlif üsullardan, məsələn, əsasən kommunal xidmətlərə güzəştli tariflərlə bağlı subsidiyaların verilməsi və ya onlardan ümumiyyətlə azad edilməsi, habelə pulsuz tikinti materiallarının təqdim edilməsi kimi üsullardan istifadə olunurdu. İnsanları aşağı vergi dərəcələri və ya vergilərin sıfırlanması, cəlbedici iş təklifləri, ödənişsiz ev, mənzil, torpaq sahəsi təmin etməklə və ya hər hansı digər maddi dəstəklə həvəsləndirirdilər.
Fərdi sahibkarlığın birdəfəlik maliyyə dəstəyi vasitəsilə təşviqi, yaxud kənd təsərrüfatı qrantları, kreditləri, mal-qara və s. verilməsi üsulları da tətbiq edilirdi. İşğal olunmuş ərazilərdə istehsalçılardan alınan kənd təsərrüfatı məhsullarının emalı, eləcə də bu məhsulların bazarlarda satışı vergiyə cəlb olunmurdu.
Hesabatda
Ermənistan KİV-nə istinadən verilən məlumatlara əsasən, 2012-2015-ci illərdə, köçürülən əhalinin tikinti materialları ilə təmin olunmasına 3 milyard Ermənistan dramı (5,8 milyon ABŞ dolları) ayrılmışdı. Təkcə 2015-ci ildə bu məqsədlər üçün təxminən 350 mln Ermənistan dramı (673 min ABŞ dolları) ayrılıb.
İşğal olunmuş ərazilərdə doğum sayını stimullaşdırmaq üçün xüsusi sosial proqramlar fəaliyyət göstərirdi. Bu proqramlar, əsasən, doğulan hər uşağa görə birdəfəlik maliyyə yardımı şəklində tətbiq edilirdi.
XİN-in hesabatında
"Guardian" nəşrinin 2014-cü il buraxılışlarına istinadən verilən məlumatlara görə, valideynlərə ilk uşağa görə 234 ABŞ dolları, ikinci uşağa görə 484 ABŞ dolları, üçüncü uşağa görə 1 217 ABŞ dolları, dördüncü uşağa görə isə 1 732 ABŞ dolları məbləğində uşaq pulu ödənilirdi. 6 uşağı olan çoxuşaqlı ailəyə ev verilirdi.
Sakinlərlə müqavilə bağlanırdı. Həmin müqaviləyə əsasən, onlar bu torpaqlarda 10 ildən çox müddətdə yaşamaları şərti ilə, təmənnasız olaraq onlara verilmiş əmlak üzərində "qanuni mülkiyyət hüququ" əldə edirdilər.
Əgər 2005-ci ilə qədər potensial məskunlaşdırılanlar işğal olunmuş ərazilərdə artıq məskunlaşmış qohum və dostlarından aldıqları məlumatlara istinad edirdilərsə, 2010-cu ildən etibarən burada məskunlaşmaq istəyənlərin (həm Ermənistandan, həm də xaricdən) cəlb edilməsi prosesi daha mütəşəkkil və kütləvi xarakter aldı. Erməni telekanalları da mümkün güzəştlər və yerlərdə tələbat olan peşələr haqqında məlumat verərək, Ermənistanın bu siyasətini dəstəkləyirdilər.
2007-ci ilin iyununda Ermənistanın
"Hetq" internet-nəşri qondarma "DQR"in nümayəndəsinə istinadən xəbər verirdi ki, 2001-ci ildə, ümumilikdə 36 min nəfərin köçürülməsi üzrə 10 illik Strateji Plan qəbul edilib. Bu plana əsasən, 10 min mənzilin, 200 məktəbin, səhiyyə müəssisələri, suvarma kanalları və yolların tikintisi planlaşdırılırdı. Bu hədəflərin icrası üçün təxminən 120 milyon ABŞ dollarının ayrılması nəzərdə tutulurdu.
Digər erməni KİV-in məlumatına görə, işğal olunmuş ərazilərin məskunlaşdırılması üzrə müxtəlif proqramların həyata keçirilməsi nəticəsində 1994-2004-cü illərdə bölgəyə 7263 ailə (18500 nəfər) köçürülmüşdür. 2011-ci ilədək bu ərazilərdə artıq 25-30 minə yaxın insan yaşayırdı.
Ermənistan həm də yaşayış məntəqələrinin inkişafını sürətləndirmək üçün yeni fəndlərə, məsələn, insanların duyğularına sirayət edərək tarixi paralellər qurmağa çalışmaqla və bununla da daha çox ermənini bu torpaqlara köçməyə təşviq etməklə yeni və mövcud yaşayış məntəqələrinə tarixi konnotasiya qazandıracaq coğrafi adların (məsələn, "Yeni Kilikiya", "Van" və s.) verilməsi kimi üsullara əl atırdı.
Ermənistan mətbuatının verdiyi məlumatlar və digər mənbələr təsdiq edir ki, işğal altındakı ərazilərdə demək olar ki bütün əzəli toponimlər dəyişdirilmişdi, bu isə Ermənistanın ilhaq cəhdlərinin və işğal altındakı ərazilərdə Azərbaycanın tarixi və mədəni irsinin məhv edilməsi istiqamətində həyata keçirdiyi məqsədyönlü səylərin daha bir bariz nümunəsidir.