Dağlıq Qarabağ ətrafında münaqişənin xarakterindəki siyasi tərkib hissələrindən danışarkən qeyd etmək lazımdır ki, DQMV-də separatçı hərəkatın genezisində əsas rolu Ermənistan ziyalıları və yerli hakimiyyət orqanlarının nümayəndələri oynayırdı. Qeyd etmək lazımdır ki, Sovet hakimiyyəti illərində DQMV və Ermənistanda çoxsaylı millətçi ziyalılar formalaşmışdı. Bu təbəqə, xüsusən də poststalin dövründən başlayaraq azərbaycanlılarla etnik gərginliyin gücləndirilməsində mühüm rol oynamışdır.
Həmin şəxslər ictimaiyyət qarşısında çıxışlarında, Ermənistan tarixinə həsr olunmuş elmi əsərlərində milli zəmində düşmənçilik oyadırdılar. DQMV-nin Ermənistana verilməsi ilə bağlı tələblər ideoloji olaraq, birincisi, "Qarabağın əzəldən ermənilərə məxsus olması" mifinə, ikincisi, bu tələblərin əməlli-başlı "Yenidənqurma" dövrünün ideoloji proseslərinin kontekstinə salınmasına əsaslanırdı. Daha dəqiq desək, Stalinin 1921-ci ildə Dağlıq Qarabağı Azərbaycana "verdiyinə" dair uydurma iddiaları yaymaq məqsədilə SSRİ tarixinin Stalin dövrünə yenidən tənqidi nəzər salınmasına çalışılırdı. Beləliklə, cəmiyyətdə fəal şəkildə müzakirə olunan SSRİ inzibati-amirlik sisteminin aradan qaldırılması ilə bağlı ideyalar Sovet İttifaqının milli-dövlət quruluşuna köçürülür və DQMV-nin ərazi-hüquqi statusuna yenidən baxılmasını əsaslandırmaq üçün istifadə edilirdi.
"Yenidənqurma" dövründə Qorbaçovun yaxın əhatəsində Sov.İKP MK-nın müxtəlif şöbələrinə rəhbərlik edən ideologiya və iqtisadi məsələlər üzrə müşavirlər rolunda çox sayda erməni ortaya çıxdı. Onlar açıq şəkildə, dövlətin birinci şəxslərinə məhəl qoymadan (bəlkə də hətta onların göstərişi ilə) ittifaq mətbuatının və xarici mətbuatın səhifələrində Qarabağdakı separatçı hərəkatın dəstəklənməsinin lehinə çıxış edirdilər. Beləliklə, Qarabağ məsələsinin müzakirəsi tədricən gizlilikdən çıxırdı.
1988-ci ildə başlayan Qarabağ hərəkatının mühüm xüsusiyyəti Ermənistanda və DQMV-də "Krunk", "Qarabağ", "Erməni azadlıq hərəkatı" (AOD) kimi yeni ictimai təşkilatların sıralarını dolduran vəzifəli şəxslərin və inzibati qulluqçuların Kommunist Partiyasının tərkibindən kütləvi şəkildə çıxması idi.
Nəticədə, yüksək rütbəli partiya işçiləri DQMV və Ermənistanda etnik-siyasi vəziyyətin gərginləşməsinə səbəb olan təxribatçı addımlarda fəal iştirak edirdilər. Həbslər, bu təşkilatların üzvlərinin təqib edilməsi, Sovet hakimiyyəti tərəfindən onlara qarşı tətbiq edilən sanksiyalar sadəcə bu şəxslərin erməni cəmiyyətində populyarlaşmasına, onların nüfuzunun artmasına və "Miatsum"a - DQMV-nin Ermənistanla birləşməsinə dair irəli sürdükləri şüarların populyarizasiyasına səbəb olurdu.
DQMV-də münaqişənin genezisinə regionda gedən demoqrafik proseslərlə və onun Azərbaycan SSR-in tərkibindəki iqtisadi inkişaf səviyyəsi ilə bağlı ziddiyyətlər toplusu mühüm təsir göstərdi.
Demoqrafik vəziyyətin dəyişməsi Ermənistan tərəfindən kifayət qədər ağrılı qarşılanırdı və regionda millətlərarası qarşıdurmanın gərginləşməsində özünəməxsus detonator rolu oynayırdı. Hərçənd bu dəyişikliklər, erməni propaqandasının təqdim etdiyi kimi, Azərbaycanın məqsədyönlü siyasəti ilə deyil, müharibədən sonrakı illərdə miqrasiya axınlarının güclənməsi ilə bağlı idi.
Münaqişənin ilkin mərhələsində İttifaq hakimiyyətin partiya təbliğatı nəticəsində DQMV-də münaqişənin üstünlük təşkil edən sosial-iqtisadi xarakteri haqqında həddindən artıq sadələşdirilmiş fikir geniş yayılmışdı.
SSRİ rəhbərliyi yaranmış böhran vəziyyətinin səbəbini DQMV-nin sosial-iqtisadi geriləməsində axtarmağa və fərqli gedişatın həqiqətən mövcud olan mənbələrini inkar etməyə çalışırdı.
İttifaq hökuməti Dağlıq Qarabağ münaqişəsinin əsası kimi iqtisadi səbəbi vurğulayaraq, böhranı neytrallaşdırmağa, məqsədli assiqnasiyaları istiqamətləndirməyə və DQMV-yə istehlak mallarının tədarük həcmini artırmağa çalışırdı. Bu məqsədlə 24 mart 1988-ci il tarixində Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi və SSRİ Nazirlər Soveti tərəfindən vilayətin sosial-iqtisadi inkişafına dair xüsusi proqram qəbul edildi
[38].
Lakin problem heç də Dağlıq Qarabağın erməni icmasının rifahının regionun azərbaycanlı əhalisinin rifahından aşağı olması ilə bağlı deyildi. Əksinə, DQMV-də həyat səviyyəsi bir sıra sosial-iqtisadi parametrlərə və göstəricilərə görə respublika üzrə orta səviyyədən də yüksək idi. Ümumilikdə, 1965-1987-ci illər ərzində Azərbaycan SSR, o cümlədən Naxçıvan MSSR və Dağlıq Qarabağ Muxtar Vilayəti üzrə sosial-iqtisadi inkişaf göstəricilərini müqayisə etsək, həmin dövrdə muxtar vilayətdə sosial-iqtisadi inkişafın əhəmiyyətli artım templərini görmək olar.
Sovet dövründə DQMV-nin erməni icması ana dilində ali və orta təhsil almaq, mədəni-maarif müəssisələrinin inkişafı, televiziya və radio verilişləri, mətbuat, KİV və s. kimi sahələrdə milli mədəniyyətini inkişaf etdirmək hüququna malik idi və bu hüququndan fəal şəkildə istifadə edirdi.
Münaqişənin yeni mərhələsinin keyfiyyət baxımından digər fərqi isə DQMV və Ermənistan rəhbərliyinin DQMV-nin Ermənistana birləşdirilməsi üçün konkret birtərəfli hüquqi addımlar atması idi; hərçənd bu, SSRİ və Azərbaycan SSR Konstitusiyalarının kobud şəkildə pozulması idi. Bakı adekvat hüquqi cavab tədbirləri görsə də, bu, separatçıları dayandırmadı.
Hətta Dağlıq Qarabağ ətrafındakı vəziyyəti müzakirə etmək üçün 1988-ci ilin iyulunda SSRİ Ali Sovetinin xüsusi sessiyası da çağırılmışdı. Müzakirənin yekunlarına əsasən, 18 iyul 1988-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin "Dağlıq Qarabağ məsələsi üzrə Ermənistan SSR və Azərbaycan SSR Ali Sovetlərinin qərarları haqqında" qərarı qəbul edildi. Qərarda deyilirdi ki, SSRİ Ali Sovetinin Rəyasət Heyəti Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə keçməsi barədə Ermənistan SSR Ali Sovetinin 15 iyun 1988-ci il tarixli xahişini nəzərdən keçirərək Azərbaycan SSR və Ermənistan SSR-in sərhədlərinin və Konstitusiyaya əsasən müəyyən edilmiş milli-ərazi bölgüsünün dəyişdirilməsini qeyri-mümkün hesab etmişdir
[39].
Sanki bu məsələyə nöqtə qoyulmuşdu.
Lakin Sov.İKP MK və SSRİ Ali Sovetinin Rəyasət Heyəti tərəfindən 25 iyul 1988-ci ildə qəbul edilmiş "Dağlıq Qarabağ
[40] məsələsi üzrə SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarının həyata keçirilməsi üzrə praktiki tədbirlər haqqında" qərar, habelə 1989-cu ilin yanvarında Dağlıq Qarabağda Sov.İKP MK-nin və SSRİ Ali Soveti Rəyasət Heyətinin nümayəndəsi A.İ.Volskinin rəhbərliyi altında xüsusi idarənin yaradılması onu göstərdi ki, Moskva faktiki olaraq DQMV-ni Azərbaycan SSR-in tabeliyindən çıxarırdı və bununla da ermənilərə DQMV-nin Azərbaycanın tərkibində qalmasının bundan sonra sadəcə formallıq olduğuna, bununla hesablaşmamaqla vilayətin faktiki olaraq Ermənistan SSR-ə tabe olmasına daha tez nail olacaqlarına dair ümid verirdi. İttifaq mərkəzinin bu cür ikili mövqeyi münaqişəni dərinləşdirməyə davam edir və tədricən onu odlu silahın və hətta raketin istifadə edildiyi hərbi münaqişəyə çevirirdi.
1988-ci ildə Dağlıq Qarabağda baş verən hadisələr Ermənistan-Azərbaycan münasibətlərində həm Ermənistanda, həm də Azərbaycanda, xüsusən də Dağlıq Qarabağda erməni və azərbaycanlı əhalinin bilavasitə qarşılıqlı fəaliyyətinin bütün perimetri üzrə çox gərgin vəziyyət yaratdı.
Stepanakert (Xankəndi) və Yerevanda (İrəvanda) keçirilən mitinqlərdə və nümayişlərdə muxtar vilayətin Azərbaycandan ayrılması ilə bağlı irəli sürülən tələblər qızışmış emosiyalar atmosferi formalaşdırır, nəinki Dağlıq Qarabağın iki icması arasında, ümumilikdə Azərbaycanda ədavət və düşmənçilik yaradırdı. İnsanlar ərazi bütövlüyünün pozulmasına yol verməməkdə qətiyyətli olduqlarını, Ermənistan və Dağlıq Qarabağ qaçqınları ilə həmrəylik nümayiş etdirməyə hazır idilər. Ermənistandan qaçqın axınının güclənməsi və bunun Azərbaycan cəmiyyətinin hiddətinə səbəb olması respublikanın erməni əhalisini Qarabağ münaqişəsinin girovlarına çevirirdi. Principcə, Yerevanda (İrəvanda) və Stepanakertdə (Xankəndi) oturan və Dağlıq Qarabağın hüdudlarından kənarda erməni qanının tökülməsini, sonra isə bunun ətrafında təbliğat şousu yaratmaq istəyən milliyyətçilər də elə buna ümid edirdilər. Ermənilərin qətlə yetirilməsi onlara imkan verərdi ki, Azərbaycanda erməni əhalinin hüquqlarının pozulduğunu və iki xalqın birlikdə yaşaya bilmədiklərini sübut etsinlər.
28-29 fevral 1988-ci il tarixlərində Sumqayıt təxribatını təşkil edənlər də məhz bu taktikaya riayət edirdilər. Sumqayıt hadisəsi Dağlıq Qarabağ ətrafındakı münaqişəni daha da dərinləşdirdi, millətlərarası qarşıdurmanı gərginləşdirdi və hər iki tərəfdən daha çox insanı öz orbitinə çəkdi. Azərbaycandan ilk erməni qaçqın axını başladı, Qarabağ hərəkatının təşəbbüskarları və təşkilatçılarının Azərbaycan qırğınları obrazından istifadə edərək "soyqırımı" kod sözü ilə erməniləri qorxutmaq vasitəsi kimi antiazərbaycan təbliğatı üçün yeni dəlilləri ortaya çıxdı. Baş vermiş faciədən maksimum istifadə edərək, "soyqırımı"nın tərəfdarları azərbaycanlıları gözdən salmağa çalışır, ölkədə və dünyada mənəvi və ictimai dəstəyə nail olur, bununla da Dağlıq Qarabağ uğrunda mübarizədə siyasi üstünlük əldə etməyə çalışırdılar.
Ümumittifaq və beynəlxalq miqyasda Azərbaycan millətinin məharətlə modelləşdirilmiş obrazından istifadə etməklə antiazərbaycan təbliğat kampaniyası başladılmışdı. Sumqayıt hadisələrindən istifadə edən erməni kütləvi informasiya vasitələri azərbaycanlıların guya vaxtilə planlaşdırdıqları Sumqayıt ermənilərinin faciəsi ilə bağlı israrla versiya irəli sürürdülər. Bununla da, demək olar ki, mühüm strateji məqsədə nail olunurdu - təhlükəli millətlərarası qarşıdurma prosesini qızışdıran erməni tərəfi Sumqayıt hadisəsindən sonrakı vəziyyətdə qarşıdurmanın qurbanı kimi çıxış edirdi. Azərbaycan isə, öz növbəsində, bu səylər nəticəsində millətlərarası münaqişənin təcavüzkar, mürtəce, barışmaz tərəfi kimi qəbul edilməyə başladı.
Sonradan erməni yaraqlılarının azərbaycanlıları cavab addımları atmağa təhrik edən vəhşilikləri də "Sumqayıtın adına yazılırdı".
Beləliklə, Sumqayıt təxribatının təşkilatçılarının əsas məqsədinə nail olundu - Dağlıq Qarabağ ətrafında münaqişə dönməz və barışmaz xarakter almağa başladı və sonda qan tökülməsi mərhələsinə keçdi.