Lakin Dağlıq Qarabağda erməni əhalisi yığcam kütlə şəklində yaşamadığından, muxtar vilayətin sərhədlərinin tam müəyyənləşdirilməsi prosesi bir il yarım çəkdi. Qarabağın düzənlik hissəsindən Kürdüstan, Cəbrayıl və Ağdam qəzaları təşkil edildi
[3].
1923-cü ilin iyulunda Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) haqqında əsasnamənin hazırlanması və Qarabağın düzənlik hissəsi ilə dağlıq hissəsi, habelə DQMV və Kürdüstan arasında sərhədlərin müəyyən edilməsi üzrə Komissiyanın iclası keçirildi. Bu Komissiyanın qərarı ilə Dağlıq Qarabağ Erməni Muxtar Vilayəti (DQEMV) haqqında əsasnamənin əsasını 1923-cü il quberniya İcraiyyə komitələri haqqında əsasnamələr təşkil edirdi. Dağlıq Qarabağın Muxtar Vilayətinin tərkibinə Cavanşir, Şuşa və Qubadlı qəzalarının ümumilikdə 169 kəndi, özü də təkcə erməni yox, azərbaycanlı kəndləri də verilmişdi
[4].
Bu fakt Azərbaycan SSR MİK-in 7 iyul 1923-cü il tarixli Dekretinə tamamilə zidd idi - bu sənədə əsasən, muxtariyyət yalnız Qarabağın dağlıq əzazisinin erməni hissəsinə verilirdi.
1923-cü il sentyabrın 16-da İK Rəyasət Heyətinin qərarına əsasən, İ.Dövlətov, M.Bağırov və E.Xanbudaqov tərkibli komissiya Qarabağdakı vəziyyəti araşdırmaq üçün regiona səfər edir. Daha sonra AK(b)P MK-yə ünvanladığı və görülən işlərin nəticələrinə dair 8 oktyabr 1923-cü il tarixli məruzə qeydində M.C.Bağırov yazırdı:
"Xankəndi, Şuşa və Abdalar rayonunda bir sıra müsəlman (azərbaycanlı) kəndləri yerləşir: Xalfalı, Zarıslı, Müsəlmanlar və 8000 nəfərədək əhalisi olan bir sıra digər kəndlər. Bu kəndlərin əhalisini Abdalardan idarə etmək Xankəndində idarə etməkdən daha asandır. Təkcə ona görə ki, bu müsəlman (azərbaycanlı) kəndlərinin arasında əhalisinin sayı 1150 nəfərə (erməni) yaxın olan Kələdərəsi kəndi var - bu ərazi bütünlüklə nədənsə Xankəndinə, üstəlik əhalisinin sayı 10000 nəfərə (müsəlman – azərbaycanlı) yaxın olan Şuşaya birləşdirilmişdir.
Cavanşir qəzasında onlarla müsəlman (azərbaycanlı) kəndi arasında bir erməni kəndi yerləşir, nədənsə bu kəndi də müsəlman (azərbaycanlı) kəndlərinin "başının üstündən" Xankəndiyə birləşdiriblər".
Komissiyaların hesabatlarından da göründüyü kimi, torpaq azlığından şikayət edən ermənilərə hətta müsəlman (azərbaycanlı) qəbiristanlıqlarının əraziləri də verilirdi. Bir erməni kəndinin çoxsaylı müsəlman (azərbaycanlı) kəndlərinin əhatəsində olduğu ərazilər də Xankəndinin tabeliyinə verilirdi
[5].
Beləliklə, Muxtar Vilayətin sərhədləri Qarabağda yerləşən erməni kəndlərinin süni şəkildə birləşdirilməsi yolu ilə aparılırdı və nəticədə onların arasında qalan azərbaycanlı kəndləri də erməni muxtariyyətinin tərkibinə qatılırdı.
Qarabağın dağlıq ərazisinin bölgüsü ilə bağlı məsələlərin həlli üzrə Komissiyanın iclasında 13 iyun 1924-cü il tarixində qərara alındı ki, Xalq Əkinçilik Komissarlığına (XƏK) iyulun 1-dək Qaryagin və Ağdam qəzalarının boş torpaq fondlarının müəyyən edilməsi məqsədilə yerquruluşu işləri aparmaq tapşırılsın. Bu işləri elə aparmaq planlaşdırılırdı ki, boş torpaq fondları DQMV-yə verilsin.
Komissiyanın 16 iyul 1924-cü il tarixli iclasında Ağdam qəzası ilə DQMV arasında mübahisəli ərazi olan Honaşen ərazisinə baxılmışdı. Burada ta qədimdən Xocalan, Xocalı, Muğanlı və digər azərbaycanlı kəndləri yerləşirdi. Qırğınlar zamanı bu kəndlərin hamısı dağıdılmış, əhalisi isə qaçmışdı. Nəticədə, bu ərazilər tamamilə başqa kəndlərdən olan, Honaşen ilə heç bir əlaqəsi olmayan ermənilər tərəfindən işğal edilmişdi. Lakin komissiya bu "xırdalıqlara" varmayaraq, bu ərazini DQMV-yə vermək qərarına gəlmişdi
[6].
26 noyabr 1924-cü il tarixində çap olunmuş Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında Əsasnaməyə əsasən, DQMV-nin Şuşa qəzasından Şuşa və Xankəndi şəhərləri, eləcə də 115 kənd, Cavanşir qəzasından 52 kənd, Qaryagin qəzasından 30 kənd, Qubadlı qəzasından isə Kələdərəsi kəndi köçürülmüşdü
[7].
Beləliklə, 1923-cü ilin iyul ayı ilə müqayisədə DQMV-nin verdiyi kəndlərin sayı 169-dan 198-ə yüksəlmişdi.
Azərbaycan Statistika Komitəsinin 1924-cü ilə olan məlumatından göründüyü kimi, həmin dövrədək bu cür yaşayış məntəqələrinin sayı 200-ü ötmüşdü
[8].
Azərbaycan Statistika Komitəsi bu və ya digər rayonların inzibati-ərazi bölgüsünü nəzərə alaraq, 1921-ci il kənd təsərrüfatı siyahıyaalmasının materialları əsasında həmin ərazilərin sahəsinin uçotunu aparmış, onların əhalisinin milli tərkibini və digər məsələləri öyrənmişdir.
Bu məlumatlara əsasən, Dağlıq Qarabağın Muxtar Vilayəti (4160,5 km
2)
[9] də daxil olmaqla, Qarabağın tarixi ərazilərindən (xanlığın sərhədləri əsasında) Azərbaycanın tərkibində təxminən 16 min km
2 ərazi qalmışdı. Lakin faktlar təsdiq edir ki, rəsmi sənədlərə baxmayaraq, Dağlıq Qarabağın Muxtar Vilayətinin ərazisi fasiləsiz olaraq genişləndirilir və 1 yanvar 1933-cü il tarixinə olan məlumata görə, artıq 4431,7 km
2 təşkil edirdi
[10].
Təbii ki, yeni yaşayış məntəqələrinin hesabına muxtariyyətin əhalisinin sayı və etnik tərkibi də dəyişirdi. Vilayətin sərhədləri erməni əhalinin mütləq əksəriyyətinin təmin ediləcəyi şəkildə müəyyənləşdirilmişdi.
1926-cı il siyahıyaalmasının nəticələrinə əsasən, DQMV ərazisi iki şəhərdən - Şuşa və Stepanakert (1923-cü ilə qədər Xankəndi) və 5 rayondan - Şuşa, Vərəndə, Cəraberd, Xaçın və Dizaq rayonlarından ibarət idi.
1930-cu ilin rayonlaşdırılmasından sonra ləğv edilmiş Vərəndə rayonunun ərazisi yeni yaradılmış Martuni (indiki Xocavənd) və Şuşa rayonları arasında bölüşdürülmüşdü.
Ləğv edilmiş Xaçın rayonunun ərazisi isə yeni yaradılmış Stepanakert rayonunun tərkibinə verilmişdi.
Beləliklə, DQMV 5 rayona bölünmüşdü: Cəraberd, Martuni, Şuşa, Dizaq, Stepanakert (Xankəndi).
1936-cı ildə SSRİ Konstitusiyası qəbul edildikdən sonra Dağlıq Qarabağın Muxtar Vilayətinin adı dəyişdirilərək "Dağlıq Qarabağ Muxtar Vilayəti" adlandırıldı.
1939-cu ildə Dizaq Hadrut, Cəraberd isə Mardakert (indiki Ağdərə) adlandırıldı.
1963-cü ildə Şuşa rayonu ləğv edilərək Stepanakert rayonunun tərkibinə daxil edildi.
1965-ci ildə Şuşa rayonu yenidən bərpa olundu.
1978-ci ildə Stepanakert rayonunun tərkibindən DQMV-nin 6-cı rayonu - Əsgəran rayonu ayrıldı. DQMV-nin bu inzibati bölgüsü onun 26 noyabr 1991-ci il tarixində Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə ləğv edilməsinədək davam etmişdir.
Həmin qərarla Stepanakert (bundan sonra - Xankəndi), Mardakert (Ağdərə), Martuni (Xocavənd) şəhərlərinin tarixi adları da qaytarılmışdı.
Müvafiq olaraq, Martuni rayonunun adı Xocavənd, Mardakert rayonunun adı isə Ağdərə olaraq dəyişdirilmişdi.
Əsgəran və Hadrut rayonları ləğv edilmiş, mərkəzi Xocalı şəhəri olan Xocalı rayonu yaradılmış, ləğv edilmiş Əsgəran rayonunun ərazisi də onun tərkibinə verilmişdi.
Ləğv edilmiş Hadrut rayonunun ərazisi isə Xocavənd rayonunun tərkibinə keçmişdi.
Xankəndi və Şuşa şəhərləri respublika tabeli şəhər, Ağdərə, Xocavənd, Xocalı və Şuşa rayonları isə respublika tabeli rayon statusu aldı
[11].
1992-ci il oktyabrın 13-də Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə Ağdərə rayonu ləğv edilmiş, ərazi isə Kəlbəcər, Tərtər və Ağdam rayonları arasında bölüşdürülmüşdür.