1917-ci ilin fevralında Rusiya imperiyasının süqutundan və həmin ilin oktyabrında baş vermiş Oktyabr çevrilişindən sonra Azərbaycan xalqı öz gələcək inkişaf yolunu seçmək məsələsi ilə qarşı-qarşıya qaldı.

1918-ci ilin əvvəllərində ən böyük milli partiya olan "Müsavat" Partiyası Azərbaycan cəmiyyətinin aparıcı siyasi qüvvəsi kimi öz mövqeyini möhkəmləndirmişdi. "Müsavat" demokratik federativ Rusiya respublikasının tərkibində Azərbaycana milli-ərazi muxtariyyətinin verilməsi uğrunda çıxış edirdi. Lakin bu ideya 1917-ci ilin oktyabrında Cənubi Qafqazın ən böyük şəhəri olan Bakıda öz hakimiyyətini möhkəmlətməyə nail olmuş və Bakını Sovet hakimiyyətinin bütün regionda yayılması üçün mühüm əhəmiyyət daşıyan arena kimi qiymətləndirən Bolşeviklərin barışmaz müqaviməti ilə üzləşdi.

Bakı Sovetinə başçılıq edən bolşevik Stepan Şaumyan düşünürdü ki, Bakıda bolşeviklərin hakimiyyətini qoruyub saxlamaq və Azərbaycan muxtariyyətinin yaradılmasına yol verməmək üçün yeganə fürsət şəhərin siyasi həyatında Azərbaycan milli "ruhu"nun kökündən məhv edilməsi, mümkün olduqca Bakı quberniyasında və bütün Qafqazda azərbaycanlıların sayının və xüsusi çəkisinin kəskin şəkildə azaldılması ilə bağlıdır.

2 mart 1918-ci ildə S.Şaumyan Bakı Sovetinin iclasında məruzə ilə çıxış edərək Cənubi Qafqazdakı demokratik qüvvələri, o cümlədən "Müsavat" Partiyasını Rusiyadan ayrılmaq cəhdində ittiham etmişdi.

O, bununla bağlı belə deyirdi: "Zaqafqaziya demokratik qüvvələri öz maraqlarından çıxış edərək bu ayrılma prosesinə qəti etiraz etməli, bu mürtəce siyasəti formalaşdıranlara qarşı əli silahlı hazır olmalı, bu işdə rəhbər rol isə Bakı Sovetinə məxsus olmalıdır. Əgər o, əksinqilabçılara qarşı çıxmazsa, onlar özləri bizim ayağımıza gələcəklər. Çünki müsəlman (azərbaycanlı) milliyyətçilər Bakını Azərbaycanın paytaxtı etmək arzusundadırlar. Ona görə də bu mürtəce qüvvələr ilk fürsətdə Bakı Sovetinə doğru yönələcəklər" [1].
Birinci Dünya müharibəsinin silahlı daşnakları.
Bolşeviklər Şaumyanın başçılığı altında əvvəlcədən həlledici döyüşə hazırlaşmışdılar. Bolşeviklərin dəstəyinə ümid bəslədikləri əsas qüvvələrdən biri Birinci Dünya müharibəsinin Yaxın Şərq cəbhəsindən qayıdan erməni əsgər və zabitlərindən ibarət dəstələr idi. Onların hamısı erməni milliyyətçi "Daşnaksütyun" Partiyasının təsiri altında idi.

Beləliklə, Bakı bolşevikləri erməni milliyyətçiləri ilə gizli sövdələşməyə girərək Bakıda müsavatçı qüvvələrə qarşı silahlı mübarizə aparmağa hazırlaşmışdılar. Tezliklə məlum olacaq ki, "sinfi mübarizə" kimi təqdim olunan bu genişmiqyaslı hərbi əməliyyatlar əslində azərbaycanlı dinc əhaliyə qarşı silahlı hücum idi.
Dinc əhalinin kütləvi qətlinə başlamaq üçün "bəhanə" 24 mart 1918-ci il tarixində Bakıda müsəlman (azərbaycanlı) diviziyasının zabit və əsgərlərinin öz xidmət yoldaşlarının dəfnində iştirak etmək üçün Bakıya gəldikləri "Evelina" gəmisinin tərksilah edilməsi oldu.

Sayca az olan azərbaycanlı hərbçilərin tərksilah edilməsi Bakının və ətraf rayonların faktik olaraq silahsız və müdafiəsiz olan azərbaycanlı əhalisinin haqlı hiddətinə səbəb oldu. Martın 30-da səhər saatlarından etibarən şəhərin müxtəlif rayonlarında müsadirə edilmiş azərbaycanlı hərbçilərin müsadirə edilmiş silahlarının qaytarılmasını tələb edən azərbaycanlıların dinc etiraz aksiyaları başladı.

Bolşeviklər bu tələbi yerinə yetirəcəklərini vəd etdilər. Lakin bunun əvəzində 1918-ci il martın 30-dan 31-nə keçən gecə "Bakıda və onun rayonlarında ali hərbi-siyasi orqan" elan edilən "İnqilabi Müdafiə Komitəsi" yaradıldı və azərbaycanlı dinc əhaliyə qarşı irimiqyaslı hücum başladı. Mart hadisələrinin əvvəlində öz bitərəfliyini elan etmiş "Daşnaksütyun" Partiyası və Erməni Milli Şurası Bakı Sovetinin tərəfinə keçdilər. Bolşeviklər hidroaeroplanlardan istifadə edirdilər. Xəzər donanmasının hərbi gəmiləri şəhərin müsəlmanlar (azərbaycanlılar) yaşayan məhəllələrini atəşə tutdular. Ermənilər rus matroslarını müsəlmanların (azərbaycanlıların) rus əhalini qırdığına inandırmışdılar. Dənizçilər məhz bu informasiyanın yalan olduğunu öyrəndikdən sonra atəş açmağı dayandırdılar.

Azərbaycanlılara məxsus ictimai binalar, mədəniyyət ocaqları dağıdılmışdı. "Kaspi", "Açıq söz" qəzetlərinin redaksiyaları, Müsəlman Xeyriyyə Cəmiyyətinin qərargahı kimi istifadə olunan "İsmailiyyə" binası yandırılmışdı. 1918-ci il martın 30-u axşam saatlarında başlayan soyqırımı faktiki olaraq bir həftə davam etmiş, xüsusilə soyqırımının ilk üç günü azğın daşnak dəstələrinin azərbaycanlı əhalini qırmasının və talan etməsinin kütləvi xarakteri ilə fərqlənmişdi. Mart soyqırımı günlərində Bakıda 12 min nəfər həlak olmuşdu. [2]
13 aprel 1918-ci ildə Şaumyan RSFSR Xalq Komissarları Sovetinə məktubunda Mart soyqırımının nəticələrindən həyasızcasına bəhs edirdi:

"... Qırğınların bizim üçün nəticəsi əladır. Biz onlara şərtlərimizi diktə etdik, onlar isə qeyd-şərtsiz imzaladılar. Müsəlman (Azərbaycan) milliyyətçi partiyalarının müqaviməti sayəsində Bakıdakı Sovet hakimiyyəti daim havada asılı vəziyyətdə idi. Feodal (bəy və xan) ziyalılarının başçılığı altında Yelizavetpolda və Tiflisdə menşeviklərin mənfur və qorxaq siyasəti sayəsində möhkəmlənmiş bu partiyalar son vaxtlar Bakıda da çox aqressiv idilər... Əgər onlar Bakıda üstünlük əldə etsəydilər, şəhər Azərbaycanın paytaxtı elan edilərdi, bütün qeyri-müsəlman (qeyri-azərbaycanlı) elementlər isə tərksilah edilərək uzaqlaşdırılardı… Biz bu müqaviməti qırmalı idik və süvari dəstəmizə ilk silahlı hücum cəhdindən bəhanə kimi istifadə edərək bütün cəbhə boyunca hücuma keçdik. Həm yerli Sovetin, həm də (Tiflis və Sarıqamışdan) buraya köçürülmüş Hərbi İnqilab Komitəsinin səyləri nəticəsində təxminən 6000 nəfərdən ibarət silahlı qüvvələrimiz var idi.

"Daşnaksütyun"un da bizim sərəncamımızda olan və təxminən 3-4 min nəfərdən ibarət milli dəstələri var idi. Sonuncuların iştirakı vətəndaş müharibəsinə qismən milli qırğın xarakteri qazandırmışdı, lakin bundan qaçmaq mümkün deyildi. Biz bunlara şüurlu surətdə gedirdik. Yoxsul müsəlman (azərbaycanlı) əhali çox zərər çəkmişdi, lakin bu əhali indi Bolşeviklər və Sovet ətrafında birləşir"
[3].

Bakı hadisələri ilə demək olar ki eyni vaxtda Şamaxıda da azərbaycanlıların soyqırımı baş vermişdi. Sübh çağı yatmış şəhərin artilleriya atəşinə tutulması ilə başlayan silahlı hücumdan və ardınca törədilən yanğınlar, dağıntılar və azərbaycanlı dinc əhaliyə qarşı dəhşətli qəddarlıqlardan sonra Şamaxı külə çevrilmişdi. Şəhərin müsəlmanlar (azərbaycanlılar) yaşayan bütün hissəsi, eləcə də erməni məhəlləsindəki bütün azərbaycanlı evləri, içərisində gizlənmiş insanlarla birlikdə bütün məscidlər, azərbaycanlılara məxsus bütün ticari və mülki obyektlər yandırılmışdı.

Qırğın Şamaxı qəzasının kəndlərinə də yayılmışdı, qırğının törədildiyi günlər ərzində ümumilikdə 72 azərbaycanlı kəndi məhv və talan edilmişdi. Bu qəzada qətlə yetirilən dinc sakinlərin sayı 7 min nəfərə çatdı, bunlardan 1653-ü qadın, 965-i isə uşaq idi. [4]

Ermənilərin qanlı cinayətlərindən biri 1918-ci ilin mayında Quba qəzasında törədilmişdi. Şəhərin ələ keçirilməsi müsəlman əhalinin öldürülməsi və onlara qarşı zorakılıqla müşayiət olunurdu. İlk iki gündə Qubada 1700-dən çox müsəlman qətlə yetirilmişdi.
Qubada soyqırımı törədən erməni dəstələrinin başçısı azərbaycanlılar qarşısında açıq şəkildə belə demişdi: "Bizə əmr edilib ki, Şirvanda (Şamaxıda) edildiyi kimi, dəniz (Xəzər) sahillərindən Şahdağa qədər ərazilərdəki bütün müsəlmanları (azərbaycanlıları) qıraq və evlərinizi yerlə yeksan edək…" [5]

Erməni silahlı qrupları azərbaycanlılarla yanaşı yerli ləzgilər, yəhudilər, tatlar, avarlar və digər etnik qrupları da məhv etdilər.

Qubada törədilmiş soyqırımının şahidləri sonradan bunu belə xatırlayırdılar: "Ermənilər hücuma keçərkən müsəlmanları (azərbaycanlıları), qadın və uşaqları amansızcasına və qəddarlıqla öldürməyə başladılar. Onlar küçələrdə və meydanlarda olan hər kəsi öldürdükdən sonra evlərə soxulur və südəmər körpələrə belə rəhm etmədən bütün ailələri öldürürdülər. Meyitlər küçələrdə, evlərdə qalaraq çürüyürdü. Ermənilər bir neçə gün ərzində azğınlıq etmiş və müsəlmanların (azərbaycanlıların) qanını içib sərxoş olmuşdular". [6]

1918-ci ilin mart-sentyabr aylarında ermənilər tərəfindən ümumilikdə 50 mindən çox azərbaycanlı qətlə yetirilmişdi.

Erməni terrorunun və Qarabağda yaşayan azərbaycanlıların soyqırımının növbəti mərhələsi 1918-1920-ci illərə təsadüf edib. Bu, Birinci Dünya müharibəsi və Rusiya imperiyasının süqutu nəticəsində Cənubi Qafqazın müstəqilliyə qovuşduğu, Azərbaycan və Ermənistanın isə müstəqil dövlətlərə çevrildiyi vaxtlar idi.

Ermənistan Azərbaycana qarşı ərazi iddiaları irəli sürərək Qarabağı ondan qoparmağa çalışırdı. Hələ 1918-ci ilin payızında erməni quldur dəstələrinin başçısı Andranik Ozanyan Zəngəzur ərazisinin bir hissəsində möhkəmlənərək buranı erməni quberniyası elan etmişdi. Bundan sonra o, Şuşa şəhərini ələ keçirmək cəhdlərinə başlamışdı. [7]

"Azərbaycan" qəzeti Andranikin dəstəsinin üzvlərinin cinayətkar əməlləri barədə yazırdı: "Qarabağda ermənilər müsəlman (azərbaycalı) kəndlərini talan edirlər. Lehvazçay, Aldərə, Nüvədi, Əli-Oxçu, Şabadin, Meydan, Qaragül, Qaraçimən, Şəhidli, Bürünlü, Əskərlər, Tey, Vartanəzir və digər kəndlər tamamilə külə çevrilib. Bu rayonların əhalisinin bir qismi hücumdan qaçaraq Ordubada və İrana pənah gətiriblər. İndi bütün məscidlər və küçələr dul qadınlarla və yetim uşaqlarla doludur. Bu yazıq insanlar hər gün soyuqdan və aclıqdan ölürlər... İrəvandan Şuşaya qədər ərazilərdə 1 milyona yaxın müsəlman (azərbaycanlı) yox edilir, məhv edilir və həlak olur..." [8]
Fətəli Xan Xoyski
Azərbaycan Xalq Cümhuriyyətinin Baş naziri Fətəli xan Xoyski Parlamentin 20 dekabr 1918-ci il tarixli iclasında belə deyib:

"...Andranik... Zəngəzuru müsəlmanlardan (azərbaycanlılardan) təmizləməyə çalışaraq bu rayonda azğınlıqlar törətməyə davam etmiş və bu məqsədlə oradakı müdafiəsiz müsəlman (Azərbaycan) kəndlərinə od vurmağa və əhalisini qılıncdan keçirməyə davam etmişdir.

Bundan sonra o, əməliyyatını Zəngəzur mahalından Şuşa rayonuna köçürmüşdür ki, burada da onun təxribatına uyan yerli ermənilər Əsgəran dərəsindəki məşhur Yevlax-Şuşa yolunu bağlamış və beləliklə də Şuşa şəhərinin müsəlman (azərbaycanlı) əhalisini son dərəcə təhlükəli vəziyyətə salmışlar.

Göründüyü kimi, Andranikin planı Zəngəzur və Şuşanı müsəlman (Azərbaycan) əhalisindən "təmizləmək" və bu bölgələri Azərbaycandan qoparmaq idi. Amma buna imkan verməyəcəyik..."
[9]
Azərbaycan dövləti isə, öz növbəsində, erməni təcavüzünün qarşısını almaq üçün addımlar atırdı. 1919-cu ilin yanvarında Qarabağ general-qubernatorluğu yaradıldı. Qarabağ general-qubernatoru Xosrov bəy Sultanov təyin edildi. Bu qərarlar ingilis general-mayor U.Tomsonun başçılıq etdiyi ittifaq komandanlığı tərəfindən dəstəkləndi. [10]

Andranikin dəstələrinin Qarabağda törətdiklərinin qanlı nəticələri Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə 1918-ci ilin iyulunda yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının materiallarında öz əksini tapıb. Erməni silahlı dəstələrinin Qarabağda və Zəngəzurda dinc azərbaycanlı əhaliyə qarşı törətdikləri cinayətlərin araşdırılması üzrə Komissiyaya başçılıq edən xüsusi işlər üzrə müstəntiq N.Mixaylovun məruzəsində Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarının sakinlərinin məruz qaldığı zorakılıq faktları yer almışdır. Məruzənin müəllifi bildirir ki, Qarabağın müsəlman sakinləri fasiləsiz olaraq "həm Qarabağın yerli erməni əhalisi, həm də İrəvan quberniyasının erməni qaçqınları, eləcə də Türkiyənin vilayətlərindən gələn, elə bu gün də müsəlmanlardan (azərbaycanlılardan) Ermənistan Respublikasının dövlət hakimiyyətinə tabe olmalarını tələb edən erməni əsgərləri tərəfindən hər cür zorakılığa məruz qalırlar." [11]

N.Mixaylov "həmin rayonda yaşayan azərbaycanlıların tezliklə və uğurla məhv edilməsi üçün dağətəyi zolağında yaşayan ermənilərdən ibarət silahlı qüvvələrin məxsusi olaraq gücləndirilməsi" fonunda Cavanşir qəzasının Kelanin icmasının müsəlmanlarının (azərbaycanlıların) yaşadığı faciəni təsvir edir.

Məruzədə qeyd edilir ki, "adıçəkilən icmanın müsəlman (azərbaycanlı) əhalisinin yaşadığı kölə həyatı uzun aylar, bəzi kəndlərdə 1918-ci ilin sentyabrına, digərlərində isə hətta dekabrına qədər davam etmişdir. Həmin vaxt ümidsizliyə qapılmış müsəlmanlar (azərbaycanlılar) insan tələfatı bahasına belə, erməni dəstələrinin onları saldıqları "mühasirə"dən çıxmağa və düzənlik boyu müsəlman (Azərbaycan) kəndlərində necə gəldi məskunlaşmağa qərar verdilər.

Onlar bunu bacardılar, amma dəhşətli itkilər verməklə. Qaçqınlar öz daşınan əmlakını, kənd təsərrüfatı avadanlığını, demək olar ki, bütün mal-qarasını itirdilər, onların evləri və təsərrüfat tikililəri tamamilə darmadağın edildi və ən əsası, müsəlmanlar (azərbaycanlılar) arasında xüsusilə qadınlar və uşaqlar aclıqdan, soyuqdan, xəstəliklərdən və qaçqın düşmələri ilə bağlı yaranan digər məhrumiyyətlər səbəbindən öldülər. Qaçqınların bir çoxu onları təqib edən ermənilər tərəfindən qətlə yetirildi, digər sakinlər, məsələn, ahıl kişilər və qadınlar, qaçmaq imkanından məhrum olan şikəstlər isə elə kəndlərin içində qırıldı." [12]

N.Mixaylovun məruzəsində erməni quldur dəstələrinin Qarabağ azərbaycanlılarını necə vəhşiliklə məhv etdiklərinə dair çoxsaylı misallar göstərilir. Onlardan biri də budur: "Cinsiyyətindən, yaşından asılı olmayaraq qəzanın bütün sakinlərinə, azyaşlı uşaqlara, qocalara və hətta şikəstlərə qarşı çoxsaylı qətllər törədən ermənilər aşağıda sadalanan bəzi hallarda qətlləri son dərəcə əzab verməklə və vəhşiliklə törədirdilər.

Belə ki, Umudlu kəndində Süleyman Qazaxaslan oğlu, Məmməd Məşədi Paşa oğlu və Kazım Atam oğlu qətlə yetirilərək hissələrə ayrılmışdı, həmkəndliləri onları belə halda tapmışdılar. Hacıqərvənd kəndində qətlə yetirilmiş Zeynəb Şirin qızı adlı qadının meyiti tapılanda döşləri kəsilmiş vəziyyətdə idi.

Dovşanlı kəndinin bir hissəsi olan Korakor kəndinin sakinləri Ramazan Novruzəli oğlu, Qönçə Ocaqqulu qızı və şikəst Süleyman Həsənəli oğlu, elə erməni Zaxariya Kukurovun sözlərinə görə, qəddarlıqla qətlə yetirilmiş və meyitləri yandırılmışdı. Sırxavənd-Ballıqaya kəndinin sakini Soltan Əli İmam oğlu Qazançı kəndi yaxınlığında saxlanılmış, vəhşiliklə öldürülmüş və meyiti yandırılmış vəziyyətdə tapılmışdı. Güneyqaya-Sırxavənd kəndinin sakinləri Şərit İsmayıl oğlu və Rəcəb Novruzəli oğlunun meyitləri ermənilər tərəfindən başları kəsilib aparılmış şəkildə tapılmışdı."
[13]

Fövqəladə Təhqiqat Komissiyasının materiallarında ermənilərin Şuşa şəhəri və Şuşa qəzasının Qoqo, Tuğ, Atmazlı, Keştmazlı, Qazanlı və b. kəndlərində törətdikləri vəhşiliklər ətraflı təhlil olunur və göstərilir ki, təkcə Şuşa qəzasında dağıdılmış, yandırılmış, talan olunmuş azərbaycanlı kəndlərində öldürülənlərin sayı 100 nəfərdən çox idi. [14]

1919-cu ilin yayının əvvəlində erməni təcavüzkarları qanlı münaqişəyə yeni təkan verdilər. Ermənistan Respublikası Qarabağda yaşayan erməniləri külli miqdarda silahla təmin etdi. İyunun 4-5-də ermənilərlə toqquşmalar zamanı Azərbaycan Ordusunun bir neçə əsgəri həlak oldu. General-qubernator X.Sultanov ermənilərin hərəkətlərinin qarşısının alınması üçün sərt tədbirlər gördü. O, Erməni Milli Şurasının üzvlərini Qarabağdan qovdu, bundan sonra regionda nisbi asayiş bərpa olundu.
1919-cu ilin noyabr-dekabr aylarında Ermənistan ilə Azərbaycan arasında silahlı toqquşmaların dayandırılması barədə saziş əldə edilsə də, Ermənistan qoşunları yenidən Azərbaycana hücum etdi. Təxminən 10 min nəfərlik erməni nizami ordusu Zəngəzurdan Qarabağa keçərək, yolunun üstündəki Azərbaycan kəndlərini dağıtdı. [15]

AXC-nin xarici işlər naziri F. Xoyskinin Ermənistan XİN-ə ünvanladığı notada qeyd edilirdi ki, 19 yanvar 1920-ci il tarixində erməni qoşunları Zəngəzurdan Şuşa qəzasına doğru hücuma başlayıb, "öz yollarındakı bütün müsəlman (Azərbaycan) kəndlərini atəşə tutublar, onlardan 9-u son günlərdə talan edilib... görünür, erməni qoşunları öz hökumətinin müəyyən planını yerinə yetirərkən yenidən müsəlman (Azərbaycan) kəndlərini məhv etməyə, sakinlərini isə amansızlıqla qətlə yetirməyə başlayıblar." [16]

1905-1906-cı illərdə olduğu kimi, 1918-1920-ci illərdə də ermənilər azərbaycanlılara qarşı eyni terror üsullarından istifadə etmişlər.
Belə ki, 1905-1906-cı illərdə Şuşada azərbaycanlıların yaşayış məntəqələrinə gedən həyati əhəmiyyətli yolların bağlanması üsulundan 1918-1919-cu illərdə Azərbaycanın Qarabağda erməni təcavüzünə qarşı mübarizə apardığı bir dövrdə də istifadə olunmuşdur.

Parlamentin 7 iyul 1919-cu il tarixli iclasında millət vəkili Q.Qarabəyov bildirmişdi ki, ermənilər Yevlax-Şuşa yolu boyunca təpələrdə yerləşən kəndlərlə yanaşı, şosse yollarını da atəşə tutur, sakinləri öldürür, yük maşınlarını qarət edirdilər. Karyagin-Şuşa, Karyagin-Gorus yolları ermənilərin əlində idi və heç bir azərbaycanlı bu yollardan keçə bilmirdi.

"...Bütün şəhər [Şuşa], - Q.Qarabəyovun sözlərinə görə, alov içində idi. İlk erməni-müsəlman (Azərbaycan) qırğınlarının törədildiyi 1905-ci ildən etibarən Şuşada olduğu kimi, şəhər sakinləri erməni və müsəlman (azərbaycanlı) hissələri arasındakı sərhəddə mövqelərini tutdular və atışma başlandı." [17]

Göründüyü kimi, 13 ildən sonra ermənilər Qarabağda dinc azərbaycanlı əhaliyə qarşı terror və zorakılıqlarını davam etdirmişlər.

Oxumağı tövsiyə edirik:
[1] Şaumyan S.Q. Seçilmiş əsərləri. 2-ci cild. Moskva, 1978, səh. 223.
[2] АПДУДПАР: ф. 277, оп. 2, д. 27, лл. 16-24.
[3] Şaumyan S.Q. Seçilmiş əsərləri. 2-ci cild, səh. 259-260.
[4] ГААР: ф. 1061, оп. 1, д. 3, л. 65.
[5] ГААР: ф. 1061, оп. 1, д. 96, л. 49.
[6] ГААР: ф. 1061, оп. 1, д. 96, л. 113-114 об.
[7] Azərbaycan Xalq Cümhuriyyəti (Azərbaycan Demokratik Respublikası) (1918-1920). Bakı, 1998, səh. 166.
[8] Azərbaycan, 1918, 10 dekabr (27 noyabr); АПДУДПАР, ф.268, оп.23, д.503, л.29-32.
[9] Azərbaycan Xalq Cümhuriyyəti (Azərbaycan Demokratik Respublikası). Parlament. Stenoqrafik hesabatlar. Bakı, 1198, səh. 36-37.
[10] Dağlıq Qarabağ 1918-1923 illərdə Sənədlər və materiallar toplusu. Yerevan, 1992, səh. 62.
[11] Məmmədzadə N. 1918-1920-ci illərdə Azərbaycanın Qarabağ bölgəsində azərbaycanlıların soyqırımı. Bakı, 2014, səh. 29.
[12] Yenə orada, səh. 33.
[13] Məmmədzadə N. Sitat gətirilən material, səh. 39.
[14] Azərbaycan Respublikasının Dövlət Arxivi: ф.100, оп.2, д.791, л. 95.
[15] Məmmədzadə N. Sitat gətirilən material, səh. 53.
[16] Azərbaycan Xalq Cümhuriyyəti (Azərbaycan Demokratik Respublikası) (1918-1920). Xarici siyasət (sənədlər və materiallar). Bakı, 1998, səh. 529-530.
[17] Azərbaycan Demokratik Respublikası (Azərbaycan Xalq Cümhuriyyəti) Parlament..., səh. 256.