Bu ərazilərdə daha çox rast gəlinən çinar, palıd, fıstıq, vələs, ağcaqayın, tozağacı və sair kimi qiymətli meşə cinslərinə aid ağac növləri (28,5 mln ədəd) oduncaq tədarükü üçün qırılıb, eləcə də mebel, çəllək və tüfəng qundağı istehsalı üçün Ermənistana aparılıb. Yeni aşkar edilmiş mədənlərin istismarı ilə əlaqədar minlərlə hektarlıq ərazidə meşələr qırılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, Qarabağda bitən bir çox ağac və kol bitkiləri məhv olmaq üzrədir. Onların arasında püstə, dərman stiraksı, Araz palıdı, yalanqoz, Şərq çinarı, adi nar, meşə üzümü, pırkal, şümşad, Eldar şamı, adi xurma, söyüdyarpaq armud və s. var.
Bundan başqa işğal müddətində 100 min hektardan artıq ərazidə məqsədli şəkildə yanğınlar törədilib, bu yanğınlar nəticəsində torpağın məhsuldar üst münbit qatı məhv olub, fauna və flora növləri ciddi təsirlərə məruz qalıb.
Meşələrin kütləvi şəkildə qırılması səhralaşmaya və torpaqların eroziyasına səbəb olmaqla yanaşı, meşə ekosisteminin və onun tərkib hissəsi olan qiymətli flora və fauna növlərinin məhvinə gətirib çıxarıb.
Müzəffər Ordumuzun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığı möhtəşəm qələbədən sonra Qarabağ yeni mərhələyə - dirçəliş mərhələsinə qədəm qoyub.
Şübhəsiz ki, şəhər və qəsəbələrimiz, tarixi abidələrimiz kimi meşələrimiz də bərpa ediləcək. Artıq bu istiqamətdə ciddi işlərə başlanıb.
Belə ki, işğal olunmuş ərazilərdə ətraf mühitə vurulmuş zərərin aradan qaldırılması, ekoloji tarazlığın bərpası məqsədilə Qarabağ Dirçəliş Fondu ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı, eləcə də bir sıra tanınmış şirkətlərin dəstəyi ilə həyata keçirilən
"Zəfərdən Dirçəlişə" adlı layihə çərçivəsində Zəngilanda ağacəkmə aksiyasına start verilib.